"Abzas Media" işi üzrə məhkəmə istintaqı yekunlaşdı


  • 16 May 17:12

"Abzas Media" əməkdaşlarının cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

E-huquq.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə sənədlərin tədqiqi aparılıb.

Sənədlərin tədqiqi mərhələsində qurumun ofisində axtarış aparılan zaman istintaq tərəfindən qeydə alınan videogörüntülər məhkəmə zalında nümayiş etdirilib.

Müdafiəçilər tərəfindən vizual müşahidə zamanı müəyyən qeydlər aparılaraq iclas protokoluna əlavə edilib.

Təqsirləndirilən şəxslərin vəkilləri məhkəməyə bir neçə vəsatət təqdim etsələr də, müşavirədən sonra vəsatətlərin təmin olunmaması barədə qərar elan edilib.

Daha sonra məhkəmə istintaqının yekunlaşması elan edilərək ittiham nitqi ilə çıxış üçün söz prokurora verilib.

Dövlət ittihamçısı çıxış üçün vaxt istəyib.

Məhkəmənin növbəti iclası 20 may tarixinə təyin edilib.

Qeyd edək ki, 2023-cü il noyabrın 21-də “Abzas Media”nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı (Abbasova), noyabrın 23-də direktor müavini Məhəmməd Kekalov, dekabrın 1-də saytın əməkdaşı Nərgiz Absalamova, dekabrın 13-də jurnalist Hafiz Babalı, daha sonra saytın əməkdaşı Elnarə Qasımova barəsində qrup halında qaçaqmalçılıq ittihamı ilə həbs qətimkan tədbiri seçilib.
Onlar barəsində ilkin olaraq Cinayət Məcəlləsinin 206.3.2-ci (qrup halında qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb.

İstintaq dövründə Cinayət Məcəlləsinin bir sıra, o cümlədən 193-1.3.2-ci maddəsi (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə) üzrə yekun ittiham verilib.

Humay Eminqızı

Oxşar xəbərlər