- 16 May 21:38
Ukraynalı kriminal avtoritet Oleq Krapivin ("Oleq Bakinski") və onunla birgə ittiham olunan Konstantin Kuçerin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə Konstantin Kuçerin vəkili çıxış edərək heç bir barışığın əldə edilmədiyini və hətta danışıqların belə baş tutmadığını bildirib.
Vəkil çıxşı zamanı, eləcə də bildirib ki, Zaxarenkov istintaqa ərizə sənədini 6 avqust tarixində təqdim edib, baxmayaraq ki, özü 1 avqust tarixində artıq ölkədə yox idi.
Dövlət ittihamçısı bunun hazırlıq iclasının predmeti olduğunu və məhkəmədə danışılanların əsas sübut kimi qəbul olunacağını bildirib.
Daha sonra mülki iddialar müzakirə olunub.
Zərərçəkmiş tərəfin vəkili maddi və mənəvi ziyanın qarşılanmasını istəyib: "Zərərlərin qarşılanması üçün Oleq Krapivin və Konstantin Kuçerdən ümumilikdə 50 min manat istəyirik".
Mülki iddiaya münasibət bildirən Oleq Krapivin iddianı qəbul etməyib: "Mənim üstümə şər atmayın, neçə şahid dindirilib və onların hamısı belə münaqişənin şahidi olmadığını deyib. Olmayan bir şeyi boynuma qoymayın. Heç nə ödəyən deyiləm. Mülki iddianı da qəbul etmirəm".
Daha sonra Konstantin Kuçer mülki iddianı qəbul etmədiyini bildirib.
Hakim növbəti məhkəmə prosesində böyük ehtimalla istintaqın yekunlaşacağını və çıxış mərhələsinə keçiləcəyini bildirib.
Məhkəmənin növbəti iclası 26 may tarixinə təyin edilib.
Xatırladaq ki, Oleq Krapivin 6 may tarixində ev dustaqlığına buraxılıb.
Qeyd edək ki, "Oleq Bakinski" Bakıda Rusiya vətəndaşına qarşı xuliqanlıq etməkdə ittiham olunaraq polis tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 221.3-cü ( xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə ittiham irəli sürülüb. Barəsində həbs qətimkan tədbiri seçilib. Daha sonra ona Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə də ittiham verilib. Cinayət işi üzrə "Oleq Bakinski" ilə yanaşı, 2010-2011-ci illər ərzində Ukraynanın müdafiə sənayesi nazirinin aviasiya məsələləri üzrə müavini vəzifəsində çalışmış Konstantin Antonoviç Kuçer də təqsirli bilinir.
Zərərçəkən qismində "Aviazapchast" ASC, vPromyshlennye Postavki Kazakhstan" MMC və Zaxarenkov Valeriy Nikolayeviç tanınıb.
Humay Eminqızı