- 15:43
Bakının Sabunçu rayonunda qətl hadisəsi törətməkdə ittiham olunan Elcan Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi baş tutub.
E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs dindirilib.
O bildirib ki, fəhlə işləyib: “Həmin gün içkili idim. İşdən sonra içmişdim . Xəyal kassir işləyirdi. Qardaşım ondan məhsul almışdı, amma pulu tam çatmamışdı. Xəyal isə dedi ki, qalsın, lazım deyil pulun qalığı. Həmin gün onunla sözümüz çəp gəlib. Növbəti gün gəldik ki, üzürxahlıq edək. Qardaşım onla əl sıxışıb barışdı. Üzürxahlığı ona görə edirdik ki, yalnış hərəkət etdiyimizi bilirdik, çünki o bizə yaxşılıq etmişdi. O an Xəyalın əmisi oğlu da dedi ki, Xəyala kimsə dəysə, pis olar”.
Təqsirləndirilən şəxs bıçağın çox vaxt üzərində olduğunu bildirib: “Fəhləyəm, cibimdə mətbəx bıçağı olur. Onunla kolbasa kəsirəm işdə”.
E.Süleymanov deyib ki, hadisəni tam xatırlamır, çünki içkili olub. O eyni zamanda özünə haqq qazandırmadığını da bildirib: ”Özümə haqq qazandırmıram, içkili olmuşam, yalnış hərəkət etmişəm. Ailəsindən üzr istəyirəm. Məqsədim onu öldürmək deyildi. Hadisə olan gün Xəyalın işlədiyi mağazadan siqaret almağa getmişdim, orda əlim qıza dəydi. Sonra aramızda münaqişə oldu. Elə bildim onun da yanında bıçaq var. İçkili idim, o da qeyri-etik sözlər işlədirdi, dayansın deyə onu ayağından vurmaq istəyirdim. Belə olacağını bilmirdim”.
Qətlə yetirilən şəxsin hüquqi varisi çıxış edərək təqsirləndirilənin ömürlük azadlıqdan məhrum edilməsini istəyib.
Hüquqi varis təqsirləndirilən şəxsdən əməli istəməyərəkdən törətdiyi halda nəyə görə təcili tibbi yardım və ya ətrafdan yardım istəmədiyini soruşub. Təqsirləndirilən bildirib ki, yanında telefon olmayıb. Deyib ki, kömək üçün yaxınlaşdıqdığı şəxslər də ondan uzaqlaşıblar.
Məhkəmənin növbəti iclası 20 iyun tarixinə təyin edilib.
Qeyd edək ki, 2008-ci il təvəllüdlü Elcan Süleymanov Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində aralarında yaşanmış münahisə zamanı 2004-cü il təvəllüdlü Xəyal Nağıyevi kəsici alətlə qətlə yetirilməkdə ittiham olunur. Onun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Elcan Süleymanov qətli törədən zaman məktəbli olub.
Humay Eminqızı