- 19:09
Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının sabiq müavini V. A. və tanışı T. B. cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prossesdə V.A-nın vəkili vəsatətlə çıxış edərək məhkəmənin qapalı keçirilməsini və jurnalistlərin məhkəmədə iştirak etməməsini istəyib.
Dövlət ittihamçısı vəsatətə münasibət bildirərək rədd edilməsini təklif edib.
Məhkəmə yerində müşavirədə qərar qəbul edib.
Vəsatət təmin edilməyib, lakin jurnalistlərə təqsirləndirilən şəxslərin adlarının dərc edilən xəbərlərdə açıq şəkildə əks etdirilməməsi barədə xəbərdarlıq edilib.
Zərərçəkmiş C.M.-nin vəkili vəsatətlə çıxış edərək təqsirləndirilən V. A. barədə ev dustaqlığı qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməsini istəyib.
Məhkəmə vəsatəti təmin etməyib.
Daha sonra mülki iddialara baxılıb. C.M-nin vəkili çıxış edərək maddi və mənəvi zərər daxil olmaqla ümumilikdə 51 min manat mülki iddianın icraata qəbul edilməsini istəyib. Məhkəmə mülki iddianı icraata qəbul edib.
Şahid S.M. bildirib ki, o zərərçəkən şəxsin oğludu. O bildirib ki, birinci V. A.-nı tanıyıb və onunla iş şəraitində tanış olub: “V. A. məndən tez-tez borc pul istəyirdi. Ümumi 3 min manat borc vermişəm ona. Bu borcdan cəmi 200-300 manat qaytarıb mənə. Daha sonra V. A. mənə deyib ki, səni işə düzəldəcəm, mən də dedim elə atamı düzəlt işə. Bildirdi ki, məni bir nəfərlə tanış edəcək. Bi rgün V. A.-gilə işlə bağlı gedəndə o telefonda T. B. ilə danışaraq deyirdi ki, həmin adam gəlib, burdadır. Sonra mən telefonda T. B. ilə ilk dəfə danışmışam. O, mənə dedi ki mütləq Bakıya gəlməliyəm. Atam, mən, T. B. və V. A. ilk dəfə Gənclikdə “Tonqal” restoranında görüşmüşük. Pulu da mən orda masaya qoydum ki, atamı Gədəbəy rayon təhsil şöbəsinə müdür təyin edilsin. Masaya qoyduğum pulu V. A. götürüb T. B.-yə verdi”.
V.A. isə pulu götürmədiyini deyib.
Məhkəmənin növbəti iclası 30 iyun tarixinə müəyyən edilib.
Qeyd edək ki, cinayət işi üzrə zərərçəkən kimi Gədəbəy rayon sakini C.M. tanınır. İttihama görə, təqsirləndirilən şəxslər C.M.-ni Gədəbəy Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə təyin ediləcəyi ilə aldadaraq 51 min manat pulunu alıblar. T.B. bir müddət əvvəl başqa dələduzluq əməlinə görə məhkum edilib. Eks-müavin isə həbsdə deyil. İstintaq dövründə onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib. Onların hər ikisinə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Humay Eminqızı