- 21:32
Bakıda usta iş vaxtı telefonla onun videogörüntülərini çəkən şəxsi döyüb.
E-huquq.az xəbər verir ki, 45 yaşlı usta Xəzər rayonu, Binə qəsəbəsi, Mehriban qonşular deyilən ərazidə yerləşən evdə təmir işləri aparan zaman onu telefonla bir nəfərin onu videoya çəkdiyini görüb.
Bu onu narahat etdiyi üçün bir neçə dəfə həmin şəxsə videoya çəkməməsi üçün xəbərdarlıq edib. Lakin həmin şəxs onun xəbərdarlığına məhəl qoymayaraq çəkilişə davam edib. Daha sonra avtomobilindən bıçaq götürərək ona tərəf gəlib. Bu zaman usta özünü qorumaq üçün bel ilə həmin şəxsin əlindən vurub.
Zərərçəkmiş şəxs isə məhkəmədə ifadəsində bildirib ki, Xəzər rayonu, Binə qəsəbəsində, Mehriban Qonşular deyilən ərazidə 7 sot torpaq sahəsi var imiş. O, əvvəldən tanıdığı bir şəxs ilə birlikdə özünə məxsus olan həmin torpaq sahəsində ev tikib sataraq gəlir əldə etmək qərarına gəlib. Həmin torpaq sahəsi ona məxsus olsa da, torpaq sahəsində inşasına başladıqları ev yaxınlıqdan keçən qaz xətlərinin yaxınlığında olduğu üçün ARDNŞ-nin Qaz İxrac İdarəsi onu mülki qaydada məhkəməyə verib. Məhkəmədə bu barədə araşdırma getdiyi üçün o, tikintini müvəqqəti olaraq dayandırıb. Ona məhkəmə tərəfindən də tikintini dayandırmağı barədə xəbərdarlıq edilib O, bu barədə şərikinə xəbərdarlıq edib. Sonradan torpaq sahəsinə baş şəkəndə orada tikinti aparıldığını görüb. O, həmin fəhlələrə tikintini dayandırmaqları barədə dəfələrlə xəbərdarlıq edib və sonradan məhkəmə araşdırması zamanı günahsız olduğunu sübut etmək üçün özünə məxsus olan mobil telefon vasitəsi ilə tikintinin aparılması prosesini videoya çəkməyə başlayıb. Çəkilişi avtomobilində oturaraq həyata keçirirmiş. Fəhlələr ona videoçəkilişi dayandırmağı barədə xəbərdarlıq edib. O isə məhəl qoymayaraq çəkilişə davam edib. Bu zaman ona qarşı nalayiq hərəkət edilib. O, bunu gördükdə avtomobildən enib və çəkilişi davam etdirib. Fəhlələr ona yaxınlaşıblar və bu zaman onlardan biri əlində olan bel vasitəsi ilə onun sağ dirsək nahiyyəsinə bir neçə dəfə zərbə endirib. O, özünü müdafiə etmək üçün dərhal qaçaraq avtomobilinə tərəf gedib və avtomobilə əyləşib.
Xəzər Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxsə 8 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib.
Şəbnəm Mehdizadə