- 21 May 19:29
Anasını qətlə yetirməkdə təqsirləndirilən Sadiq Beybudlunun məhkəmə prosesi keçirilib.
E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsini hakimi Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə şahidlər dindirilib.
Şahid Nərgiz İbrahimova təqsirləndirilən şəxsin onun qeyri-rəsmi həyat yoldaşı olduğunu bildirib: “Biz Sadiqlə Şüvəlanda qalırdıq, anası və qeyri-rəsmi yoldaşı Elvin Allahverdiyev bizə qonaq gəlmişdi. Oturub söhbət etdik, daha sonra mən həyətə düşdüm. Qayıdanda eşitdim ki, səslər gəlir. İçəri daxil olanda gördüm ki, iş işdən keçib və Sadiq anasını artıq qətlə yetirib. Anası Zəminə xanım qan içində idi. Həmin vaxt Elvin Allahverdiyev də orada idi. Sadiqin əlində bıçaq var idi. Olanları görəndən sonra çölə çıxdım, qışqırmağa başladım. Qonşulardan kömək istədim amma heç kim gəlmədi”.
N.İbrahimova təqsirləndirilən şəxsin anası ilə münasibətinin yaxşı olduğunu deyib: “Sadiqin anası əvvəl bizlə qalırdı, sonra isə qeyri-rəsmi həyat yoldaşı ilə bizdən ayrı qalmağa başladı”.
Şahid Elvin Allahverdiyev rəsmi ailəsinin olduğunu bildirib: “Zəminə ilə qeyri-rəsmi ər-arvad münasibətində yaşayırdım. Öz rəsmi yoldaşım və uşaqlarım var. Təxminən 4 ay idi ki, Zəminə ilə yaşayırdım. Sadiq Nərgizlə bizə gəlib-gedirdi, bizd ə tez-tez onlara gedirdik. Hadisə olan gün yenə onlara qonaq getmişdik. Bilmirəm niyə, birdən Sadiq cibindəki bıçağı çıxarıb anasını bıçaqladı. Onun qolundan yapışdım, bıçaq yerə düşdü. Sonra isə Zəminənin boynundan yapışdı. O vaxt mən onu aralamağa çalışırdım. Hadisədən sonra təcili tibbi yardım çağırdım, onlar bir neçə dəqiqə sonra Zəminənin öldüyünü dedilər. Hadisə yerinə polislər gəldi və biz bölməyə getdik”.
Şahid qeyd edib ki, 3 ay öncə Sadiq anasını öldürəcəyini deyib.
Məhkəmədə şahid qismində dindirilən təqsirləndirilən şəxsin əmisi qardaşının həbsdə olduğunu və 7 il azadlıqdan məhrum edildiyini deyib. O bildirib ki, Elvini daha öncə tanımayıb, hadisədən sonra onun adını öyrənib. O, hadisə vaxtı orada olmadığını deyib.
Məhkəmənin növbəti iclası 18 iyun tarixinə təyin edilib.
Qeyd edək ki, Yardımlı rayon sakini, 20 yaşlı Sadiq Beybudlunun kirayədə yaşadığı Şüvəlan qəsəbəsindəki evdə 40 yaşlı anası Zəminə Beybudlunun ayağına bıçaqla xəsarət yetirməsinə, sonra boynunu sındıraraq öldürməsinə əsaslı şübhələr yaranıb. Daha sonra anasının tanışı 39 yaşlı Elvin Allahverdiyevin əlinə taxta parçası ilə xəsarət yetirib. Sadiq Beybudlu şübhəli şəxs qismində saxlanılıb və prokurorluğa təhvil verilib.
Humay Eminqızı