- 18:07
Bakının Yasamal rayonunda qəsdən adam öldürməkdə təqsirləndirilən Təbriz Həsənovun cinayət işi üzrə növbəti məhkəmə prosesi baş tutub.
E-huquq.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə hakim məhkəmə tərkibində dəyişiklik olduğunu bildirib .
Tərkibdə dəyişikliyə etiraz olmadığı üçün məhkəmə prosesi davam etdirilərək şahidlər dindirilib.
Şahid Tural Niftəliyev kafedə aşbaz işlədiyini deyib: "Hadisə baş verən gün Təbriz Azərlə kafeyə gəlmişdi. Təbrizi daha əvvəl 1 dəfə kafedə görmüşəm. Azəri isə ilk dəfə idi görürdüm. Onlar içki içirdilər. Hadisə bildiyim qədər çöldə baş verib. Münaqişədən xəbərim olmayıb, çünki mətbəxdə idim. Mənə dedilər ki, təcili tibbi yardım gəlib. Azərin öldüyünü isə növbəti günün səhəri bilmişəm".
Şahid Cabbar Hüseynov meyvə-tərəvəz satdığını, kafeyə isə çay içmək üçün getdiyini bildirib: "Təbrizi tanıyıram. Kafeyə çay içmək üçün girəndə onların yanında oturdum. Mübahisə və ya səs-küy yox idi. İşdən söhbət edirdilər. Daha sonra onlara zəng gəldi və bir-bir çölə çıxdılar. Mən çölə çıxanda onların mübahisə etdiklərini gördüm. Onları ayırmaq üçün yaxınlaşdım. Ayırandan sonra hər ikisi fərqli istiqamətlərə qaçmağa başladılar. Təbrizin əlində bıçaq və ya kəsici alət görməmişəm".
Şahid Ə.Vüqar isə hadisədən qaçarkən təqsirləndirilən şəxs Təbriz Həsənovu vuran maşının sürücüsüdür. O bildirib ki, təqsirləndirilən şəxsi daha öncə görməyib: "Təbrizi daha öncə tanımamışam. Onu bir qəza zamanı, bir də qəzadan sonra xəstəxanaya barışıq üçün gedəndə görüşmüşəm. Qəza gecə baş verib. O ani qabağıma çıxıb, nə qədər çalışsam da maşın ona dəyməsin, amma ani çıxdığı üçün qəza baş verdi. Qəzadan sonra təqsirləndirilən şəxsin üzərində bıçaq görməmişəm. Amma ona yaxınlaşanda yanında yerdə bıçaq var idi. Səhv etmirəmsə, üzərində qan izləri də var idi".
Təqsirləndirilən şəxsin atası Nihad və Cavid başda olmaqla, bütün şahidlərin dindirilməsini istəyib.
Məhkəmənin növbəti iclasında həmin şahidlərin ifadə verməsi təmin ediləcək.
Daha sonra dövlət ittihamçısı təqsirləndirilən şəxsə sual ünvanlayıb: "Əvvəlki ifadəndə demişdin ki, hadisəni törətdikdən sonra bıçağı atmısan. Amma indi hadisə şahidləri deyir ki səndə qanlı bıçaq görüblər. Bu necə olur?"
Təqsirləndirilən şəxs isə yenə öz ifadəsini müdafiə edib və əlavə edib ki, iş üzrə götürülən bıçaq onun hadisəni törətdiyi bıçaq deyil və əsl bıçaq özündədir.
Məhkəmənin növbəti iclası 20 iyun tarixinə təyin edilib.
Qeyd edək ki, 2024-cü ilin oktyabrın 13-də saat 22 radələrində paytaxtın Yasamal rayonu ərazisində 1987-ci il təvəllüdlü Azər İbrahimovu kəsici alətlə qətlə yetirməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Təbriz Həsənov polis əməkdaşlarının keçirdikləri tədbirlərlə müəyyən edilib. Təbriz Həsənov cinayət əməlini törətdikdən sonra hadisə yerini tərk edərkən naməlum avtomobil tərəfindən vurulması nəticəsində aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Ağır yaralı halda tapılan Azər İbrahimov dərhal Kliniki Tibbi Mərkəzə çatdırılıb. Ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb. İstintaq orqanı tərəfindən Təbriz Həsənovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Humay Eminqızı