- 21:20
"2005-ci ilin fevral ayından fəaliyyət göstərən Məhkəmə-Hüquq Şurası ölkəmizdə müstəqil məhkəmə sisteminin təşkili, hakimlərin və bütövlükdə məhkəmə sisteminin müstəqilliyinin təmin olunması, professional hakim korpusunun formalaşdırılması, həmçinin məhkəmələr və hakimlərlə bağlı müxtəlif məsələlərin səlahiyyət çərçivəsində həll edilməsi baxımından mühüm rol oynayır. Bu orqan, məhkəmə hakimiyyətinin özünüidarə qurumu kimi, cənab Prezidentin rəhbərliyi altında Azərbaycanda həyata keçirilən genişmiqyaslı hüquq islahatlarında əhəmiyyətli rol oynayıb və bu fəaliyyətini hazırda da uğurla davam etdirir".
E-huquq.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı, Məhkəmə-Hüquq Şurasının üzvü Nizami Səfərov parlamentin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 20 illiyi (2005-2025)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsinin müzakirəsi zamanı deyib.
O, təqdim edilən qanun layihəsinə əsasən, yubiley medalının hansı şəxslərə təqdim ediləcəyinə aydınlıq gətirib: "Məhkəmə-Hüquq Şurasının hazırkı və keçmiş üzvlərinə, öz vəzifələrini nümunəvi şəkildə yerinə yetirən, qüsursuz fəaliyyəti ilə seçilən hakimlər, Şuranın aparatında və məhkəmə aparatlarında qulluq edən dövlət qulluqçuları, məhkəmə sisteminin inkişafına töhfə verən və məhkəmə orqanları ilə səmərəli əməkdaşlıq edən digər şəxslər, həmçinin beynəlxalq tərəfdaşlar yubiley medalı ilə təltif ediləcəklər".
Şəbnəm Mehdizadə