- 23 May 21:20
Abşeron Rayon Məhkəməsində hərbi xidmətdən saxlatdırmaq adı ilə dələduzluq etməkdə təqsirləndirilən şəxsin məhkəməsi keçirilib.
E-huquq.az-ın məlumatına görə, cinayət işinin məhkəmə baxışı zamanı Aqil adlı təqsirləndirilən şəxs deyib ki, 2022-ci ilin avqust ayının sonlarında Gülnarə və qardaşı Ramil ilə söhbət edən zaman Gülnarə ona bildirib ki, həmin ildə oğlu Rəvanın hərbi xidmətə getməsi üçün çağırış gəlib, lakin ərinin ölümü oğluna psixoloji təsir edib, buna görə də oğlunu hərbi xidmətdən saxlatdırmaq istəyirlər.
O, Gülnarəyə və Ramilə bildirib ki, Rəvanı hərbi xidmətdən saxlatdıra bilər. Gülnarə və Ramil ondan bunu necə edəcəyini soruşduqda o, lazımi tanışlarının olduğunu deyib. O, bu işin həlli üçün Gülnarədən 7000 manat pul verməsini istəyib. Gülnarə razılaşaraq bildirib ki, həmin məbləğdə pulu düzəltmək üçün 1-2 ay vaxt lazımdır, çünki həmin məbləğdə pulu hazırda yoxdur və pulu düzəldib xəbər edəcək. Bundan sonra bir-neçə dəfə Gülnarənin qardaşı Ramil ilə Xırdalan şəhərində görüşüb bu işlə bağlı söhbət ediblər. Görüş zamanı Ramilə söz verib ki, narahat olmasınlar, dedikləri işi həll edəcək. 17 noyabr 2022-ci il tarixdə Ramil ona zəng edərək bacısının pulu hazır etdiyini və görüşmək istədiyini bildirib. Həmin günü o, Ramili Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Lukoil” yanacaq doldurma məntəqəsinə dəvət edib. Orada Ramil ilə görüşərək yanacaq doldurma məntəqəsində sonuncudan 7000 manat pulu alıb. O, pulu sayaraq götürüb və bir daha söz verib ki, Rəvanı hərbi xidmətdən saxlatdıracaq. Bundan sonra Ramildən ayrılıb gedib. Sonrakı günlərdə Rəvanın hərbi xidmətə getməməsi üçün kömək edə biləcək şəxs axtarıb, lakin sonra bunu edə bilməyib. Aldığı 7000 manat pulu isə öz şəxsi məqsədləri üçün xərcləyib. Ramil və Gülnarə isə işlə maraqlandıqda sonunculara yalandan deyib ki, işi həll edəcək. Lakin bir neçə ay sonra Ramil və Gülnarə başa düşüblər ki, o, bu şəxsləri aldadır və odur ki, pulun qaytarılmasını tələb ediblər. O, da Ramil və Gülnarəyə pulun qaytaracağını söz verib.
Bundan əlavə, Aqil məhkəmə iclasında verilmiş suallara cavab olaraq törətdiyi əməldən peşman olduğunu, cinayət əməli nəticəsində dəymiş zərəri tam ödəyərək, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmadığını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş edib.
Məhkəmənim hökmü ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib və ona 1 il 8 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib.
Şəbnəm Mehdizadə