- 12 Dekabr 21:34
"Azərbaycan hakimləri hazırda tarixi ədalət mühakiməsini həyata keçirir. Azərbaycan xalqına qarşı etnik cinayət törədən erməni separatçılarının bir qismi bu gün Azərbaycan hakimləri qarşısında cavab verir. Biz hamımız bu prosesi izləyirik. Zeynal Ağayevin sədrlik etdiyi hakimlər qrupu Azərbaycan hüququnu və ədalətini bütün dünyaya nümayiş etdirir. Ona görə də hakimlərimiz hər cür təltifə layiqdir".
E-huquq.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Hikmət Babaoğlu parlamentin bu gün keçirilən iclasında "Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 20 illiyi (2005-2025)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" qanun layihəsinin müzakirəsi zamanı deyib.
Deputat yubiley medalının təsis edilməsini məqsədəuyğun hesab edib.
O, həmçinin hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi ilə bağlı xüsusi sənədli filmin hazırlanmasını təklif edib.
"Bu, bizim tariximiz üçün çox vacibdir. Separataçıların verdiyi ifadədə bu cinayətlərin arxasında kimlərin dayandığı açıq aşkar görünür. Biz bu tarixi məhkəmənin kontekstində həm də qlobal informasiya məkanında, insan hüquqları təşkilatlarında bu cinayətkarların Azərbaycan xalqına qarşı törətdiyi cinayətləri daha yaxşı təqdim edə bilərik", - deyə deputat bildirib.
Şəbnəm Mehdizadə