- 23 May 21:20
“Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2024-cü il tarixli 432 nömrəli sərəncamının icrası ilə əlaqədar Saatlı Rayon Məhkəməsində 22-23 may 2025-ci il tarixlərdə Saatlı Rayon Məhkəməsinin, Saatlı rayon Vəkil Bürosunun və Sabirabad 1 saylı Mediasiya Təşkilatının Saatlı Mediasiya ofisinin birgə təşkilatçılığı ilə “Açıq qapı” günü keçirilib.
E-huquq.az xəbər verir ki, “Açıq qapı” günündə şəxslər məhkəmənin sədri İxtiyar Abuşov tərəfindən Saatlı rayon Vəkil Bürosunun vəkili Ramiz Musayevin və mediator Natiq Məmmədovun iştirakı ilə qəbul edilib və qəbula gəlmiş şəxslərə məhkəmənin fəaliyyəti ilə bağlı qarşılaşdıqları problemlər üzrə izah tədbirləri keçirilib, hüquq və vəzifələri izah edilib və onlara müvafiq prosessual sənədlərin nümunələri verilib.
Bundan başqa, vəkil Ramiz Musayev tərəfindən bir sıra şəxslərə məhkəmələrə müraciət üçün yazılı ərizələr tərtib olunub, onların məhkəmələrdə təmsilçiliyi üçün işlər görülüb. Mediator Natiq Məmmədov tərəfindən tərəflər arasında münaqişə səviyyəsinin azaldılması və onları razı salacaq şəkildə mübahisənin həllini təmin etmək məqsədi ilə mediasiya institutunun əhəmiyyəti barədə şəxslərə məlumat verilib.
Həmçinin “Açıq qapı” günlərində şəxslərin ədalət mühakiməsinin həyata keçirilməsi sistemi ilə yaxından tanışlığı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən məhkəmə-hüquq islahatları, o cümlədən ədalət mühakiməsinə əlçatanlığın asanlaşdırılması, vətəndaşların müraciət imkanlarının genişləndirilməsi, elektron sistemlərin tətbiqi və digər yeniliklər barədə məlumatlandırılması, onlara hüquqlarının müdafiəsi mexanizmləri və s. barədə izahlar verilməsi təmin edilib.