Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli və ictimai fəal Anar Abdullayevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
E-huquq.az verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.
Daha sonra vəsatətlərə baxılıb. Anar Məmmədlinin vəkili təqsirləndirilən şəxsin müdafiəçisinin yanında əyləşməsi ilə bağlı vəsatət verib. Məhkəmə yerində müşavirə ilə vəsatəti təmin edib.
Daha sonra Anar Məmmədlinin vəkili təqsirləndirilən şəxsin həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini istəyib. Hər iki təqsirləndirilən şəxsin vəkilləri iş üzrə icraata xitam verilməsi ilə bağlı vəsatət də veriblər.
Məhkəmə müşavirəyə gedib. Müşavirədən sonra vəsatətlərin heçbiri təmin edilməyib .
Məhkəmənin hazırlıq iclası iyunun 2-dək təxirə salınıb.
Qeyd edək ki, Anar Məmmədli ötən ilin aprel ayında saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Anar Abdullayev isə aprelin 8-də iş üzrə təqsirli bilinib və barəsində məhkəməyədək polisin nəzarətinə vermə qətimkan tədbiri seçilib.
Onlara qarşı Cinayət Məcəlləsinin 192.3.2, 193-1.3.1, 193-1.3.2, 206.4, 213.2.1, 320.1 və 320.2-ci maddələri ilə ittiham irəli sürülüb.
Humay Eminqızı
