- 28 May 10:54
Bakıda adam öldürməyə cəhd etməkdə təqsirləndirilən Nurlan Zərbalıyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosedə təqsirləndirilən şəxs dindirilib.
O bildirib ki, hadisə günü içkili olduğundan baş verənləri tam xatırlamır: “Bıçaq hər zaman üzərimdə olmur, “Vasmoy” təhlükəli ərazi olduğuna görə üzərimdə bəzən bıçaq olur. Bıçağı alarkən hər hansı xüsusi məqsədim olmayıb. Qabili söyüş üstündə bıçaqlamışam. Söyüş üstündə etdiyim əmələ görə peşman deyiləm, amma bıçaqladığıma görə peşmanam. Onu bıçaqla o dərəcədə vurmamalı idim. Bıçaqladıqdan sonra ölmədiyini bilirdim, çünki hadisə baş verən “Xarı Bülbül” kafesinə yenidən qayıdanda gördüm ki, onu soyuducuya söykəyiblər. Gözləri açıq idi, məni görən kimi qorxudan gözlərini yumdu. Elə bilirdi ki, yenidən ona xəsarət yetirməyə gəlmişəm. Hadisə yerinə qayıtmaqda məqsədim ona kömək etmək və sağ olub-olmadığını öyrənmək idi. Məni söydüyünü təsdiq edəndə onu bıçaqladım, sonra isə o məni yerə yıxdı. Ardını isə xatırlamıram. Aramızda insident baş verəndə bizi müştərilər ayırdı”.
Məhkəmə zərərçəkmiş şəxsin və hadisə şahidlərinin məhkəmədə iştirakı ilə əlaqədar təxirə salınıb.
Qeyd edək ki, Nurlan Zərbalıyev Qabili Təhmarovu qəsdən öldürməyə cəhddə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 29,120.2.2; 221.3; 228.4-cü maddələri ilə ittiham irəli sürülüb.
Humay Eminqızı