Qətldə təqsirləndirilən şəxsin məhkəməsi: "Pivə istədi, vermədim"


  • 27 May 17:57

Bakıda qəsdən adam öldürməkdə təqsirli bilinən Elşən Nəbiyevin cinayət işi üzrə məhkəmə prosesi baş tutub.

E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə şahid dindirilib.

Şahid Yasin Eyyubov bildirib ki, kafedə işləyir: “Etibar və Elşəni kafedə müştəri qismində tanımışam. Onlar arasında heç vaxt münaqişəyə şahid olmamışam. Nə Elşən, nə də Etibarın üzərində bıçaq görməmişəm. Hadisə vaxtı ərazidə olmamışam və hadisədən xəbərim olmayıb. Etibarı kimin və nəyə görə bıçaqladığını bilmirəm. Etibar axşam təxminən 12 radələrində kafeyə gəldi. Yeyib-içmişdi. Məndən pivə istədi, kafeni bağlayırdım deyə ona pivə vermədim. O gedəndən qısa müddət sonra kafeni bağlayıb getdim”.

Daha sonra vəsatətlərə baxılıb.

Məhkəmə tibbi ekspertiza ilə bağlı vəsatəti təmin etməyib.

Qeyd edək ki, 1975-ci il təvəllüdlü Elşən Nəbiyev şəxsi münasibətlər zəminində paytaxtın Nərimanov rayonu ərazisində 1990-cı il təvəllüdlü Etibar Əliyevi qəsdən öldürməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə ittiham irəli sürülüb.

Humay Eminqızı

Oxşar xəbərlər