- 29 May 20:27
Bakıda həyat yoldaşını döyməkdə təqsiləndirləndirilən İlkin Kərimovun (ad-soyad şərtidir) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
E-huquq.az-ın məlumatına görə, Nəsimi Rayon Məhkəməsində hakim Elməddin Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, İ.Kərimov Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
İ.Kərimov məhkəmədə deyib ki, səhər saatlarında yaşadıqları evdə olarkən övladı ağladığına görə rayona valideynlərinin yanına getmək istəməsi barədə fikir bildirsə də, həyat yoldaşı buna etiraz edib. Buna görə də aralarında mübahisə yaranıb və həmin mübahisə zamanı qadının onunla kobud danışmasından əsəbləşərək sillə ilə sonuncunun baş nahiyəsinə bir zərbə vurub. Lakin ittiham üzrə qeyd olunan yumruq zərbələri ilə zərərçəkmiş şəxsə xəsarət yetirməyib. Hadisə vaxtı zərərçəkmiş şəxs də ona sillə ilə zərbələr vurub.
Zərərçəkmiş xanım isə deyib ki, səhər saatlarında yaşadıqları evdə olarkən həyat yoldaşı "Novruz" bayramını validenləri ilə birlikdə Siyəzən rayonunda keçirməyi ona təklif edib, lakin, o, təklifə etiraz edib. Belə ki, hadisədən əvvəl onun qaynatası ilə aralarında mübahisə olduğundan rayona getməmək qərarına gəlib. Bu səbəbdən aralarında mübahisə yaranıb və mübahisə zamanı həyat yoldaşı sillə ilə ona xəsarət yetirib və həmin sillənin təsirindən onun baş nahiyəsi şkafa dəyib. Bundan sonra, o digər otağa keçib və həmin vaxt əri yenidən onun yanına gələrək yumruq zərbələri ilə ona xəsarətlər yetirib. O da həmin vaxt özünü qorumaq məqsədilə ərinə əl-qol hərəkətləri ilə müqavimət göstərməyə çalışıb.
Şəbnəm Mehdizadə