- 29 May 20:27
Bakıda ticarət mərkəzindən oğurluq etməkdə təqsirləndirilən Elvin Əliyevin (ad-soyad şərtidir) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
E-huquq.az-ın məlumatına görə, Nəsimi Rayon Məhkəməsində hakim Elməddin Hüseynovun sədrliyi ilə keçirilən sonuncu prosesdə hökm oxunub.
Hökmə əsasən, E.Əliyevə 6 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib.
İttihama əsasən, E.Əliyev 02 yanvar 2025-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 152 ünvanında yerləşən "Port Baku" ticarət mərkəzində fəaliyyət göstərən və vətəndaşların azad girib-çıxa biləcəyi "Etro" geyim mağazasına müştəri qismində daxil olub digər şəxslərin onu görmədiyinə tam əmin olduqdan sonra özgənin əmlakını gizli olaraq talama məqsədilə həmin gün saat 14:48-də satış üçün vitrinə qoyulmuş 1 ədəd 1205 manat dəyərində "Etro" markalı bel kəmərini gizli olaraq talayıb hadisə yerindən uzaqlaşıb.
Məhkəmə baxışı zamanı E.Əliyev deyib ki, həmin gün günorta radələrində evində yemək yeyərkən 0,5 litr araq içib, sonra isə evdən çıxıb taksi ilə "Ağ şəhər"də yerləşən dənizkənarı bulvara gələrək orada bir qədər gəzib.Təxminən saat 14 radələrində Nəsimi rayonu, Neftçilər prospekti, 152 ünvanında yerləşən "Port Baku" ticarət mərkəzinə gəlib, orada fəaliyyət göstərən mağazalarda satılan paltarlara baxıb. Həmin ticarət mərkəzində fəaliyyət göstərən "Etro" geyim mağazasında olan zaman satıcı oğlana gödəkçə sifariş verib. Satıcı sifarişi gətirməyə getdikdən sonra o, vitrində satış üçün qoyulmuş dəri bel kəmərlərindən birini oğurlamaq qərarına gəlib və ətrafda olan şəxslərin onu görmədiyinə tam əmin olduqdan sonra vitrində olan bel kəmərlərindən birini götürüb soyunub-geyinmə otağına keçib, oğurladığı dəri bel kəmərini əynində olan gödəkçənin cibinə qoyub. Sonra sifariş verdiyi gödəkçəni geyinib yoxlayıb, lakin qiyməti ilə bağlı razılığa gələ bilmədiyini deyərək mağazadan çıxıb ticarət mərkəzini tərk edib, oradan bulvara gəlib. Bulvarda bir qədər gəzdikdən sonra yaşadığı evə gəlib, oğurladığı bel kəmərini paltar şkafında gizlədib. Lakin oğurluq etməyi barədə ailə üzvlərinə heç nə bildirməyib. Yanvarın 8-də Nəsimi rayon polis idarəsinin 22-ci polis şöbəsinin əməkdaşları yaşadığı ünvana gələrək onu polis şöbəsinə dəvət ediblər. O, mağazadan bel kəmərini oğurladığını etiraf edib və oğurladığı bel kəmərini polis əməkdaşlarına təqdim edib. İfadəsinin sonunda səmimi peşmançılığını, dəymiş ziyanı ödədiyini, səhhətini və ailə vəziyyətini nəzərə alaraq, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edib.
Şəbnəm Mehdizadə