- 30 May 22:38
İrandan Azərbaycana qanunsuz yollarla keçməkdə təqsirləndirilən Telman Cabbarovun (ad-soyad şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
E-huquq.az-ın məlumatına görə, Naxçıvan MR Kəngərli Rayon Məhkəməsində hakim Zülfüqar Əhmədovun sədrliyi ilə keçirilən sonuncu prosesdə hökm oxunub.
Hökmə əsasən, T.Cabbarov Cinayət Məcəlləsinin 318.1-ci (Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə) maddəsi ilə təqsirli bilinib və 1600 manat miqdarında cərimə edilib.
İttihama görə, T.Cabbarov Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət sərhədinin nəzarət buraxılış məntəqələrindən kənarda qəsdən qanunsuz olaraq İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində keçib. Belə ki, o, Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini keçmək üçün müəyyən edilmiş sənədi, yəni pasportu olmadığına görə Azərbaycan Respublikasına qanuni yolla gələ bilmədiyindən Azərbaycan Respublikasına qayıtmaq məqsədi ilə Araz çayından üzərək İran İslam Respublikasından Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, Kəngərli rayonunun Şahtaxtı kəndi ərazisində yerləşən 2-ci sərhəd komendantlığının 9-cu sərhəd zastavasının xidməti sahəsindən qəsdən qanunsuz olaraq keçib.
O, məhkəmə iclasında deyib ki, xəstəliyi ilə bağlı İran İslam Respublikasında müalicə almaq məqsədilə 2024-cü ilin sentyabr ayının 25-də Bakı şəhərindən Naxçıvana gəlib, Naxçıvandan quru yolu vasitəsilə Türkiyə Respublikasının İğdır şəhərinə, oradan isə Doğu Beyazıt gömrük sərhədindən keçərək İran İslam Respublikasının Təbriz şəhərinə gedib. Bakıda olarkən tanışı olduğu alış-verişlə məşğul olan İran vətəndaşı Məhəmmədrza adlı şəxsə İrana gələcəyini bildirib, həmin tarixdə İrana gələrkən onu qarşılayaraq öz evlərinə aparıb, bir müddət onların evində qalıb, onun evində qaldığı müddətdə Məhəmmədrza onun sənədlərini götürüb, ondan sənədlərini geri istəyəndə ona Tural Novruzov adlı tanışının ona 75000 min manat borcu olduğunu, Turalı tanıdığı üçün yalnız borcunu qaytardıqda sənədlərini geri verəcəyini bildirib. Nə qədər cəhd etsə də, sənədlərini geri ala bilməyib. Buna görə də Azərbaycanın Təbriz şəhərindəki konsulluğuna müraciət edərək Məhəmmədrzanın sənədlərini girov saxladığını, özünü də çölə çıxmağa qoymadığını bildirib. Nəticədə ona köməklik edib qayıdış şəhadətnaməsi verilib, lakin həmin şəhadətnaməyə xidmətin rəisi Məhəmmədrzanın tanışı olduğundan Təbrizdəki miqrasiya xidməti tərəfindən möhür vurmaqdan imtina edilib. Bu barədə yenidən konsulluğa müraciət edib, hətta Xarici İşlər Nazirliyi tərəfindən məktub ünvanlansa da, yenə də vəziyyətinə bir həll tapılmayıb və 4 ay İranda qalıb. Onu konsulluğa gətirən taksi sürücüsü telefon nömrəsini verərək “çətinliyi olsa kömək edə biləcəyini” dediyindən ona zəng edib, problemi barədə danışanda 500000 tümən qarşılığında ona kömək edə biləcəyini, Araz çayının yaxınlığında bir yerə gətirərək üzüb keçərək Azərbaycana gedə biləcəyini deyib və tikanlı məftilləri ağacla qaldırmaq üçün ona 2 ədəd ağac verərək çayı düz istiqamətdə üzərək keçməyini bildirib. Başqa çıxış yolu qalmadığından onun bu fikri ilə razılaşıb, ona pul verib taksi sürücüsünün dediyi kimi hərəkət edərək 18 yanvar 2025-ci il tarixdə Araz çayını üzüb keçərək Şahtaxtı kəndinə gəlib. O, daha sonra Bakı şəhərinə gəlib. Daha sonra isə Dövlət Sərhəd Xidmətinə gedib təslim olub, ondan nə üçün dövlət sərhədini qanunsuz keçdiyini soruşduqda, məcbur qaldığını bildirib və son sözündə etdiyi əmələ görə peşman olduğunu bildirərək nəzərə alınmasını məhkəmədən xahiş edib.
Şəbnəm Mehdizadə