- 30 May 22:38
Sumqayıtda işə düzəltmək adı ilə dələduzluq etməkdə təqsirləndirilən Ramiz Rəcəbovun (ad-soyad şərtidir) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
E-huquq.az-ın məlumatına görə, Sumqayıt Şəhər Məhkəməsində hakim Ramiz Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, R.Rəcəbov Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay azadlıqdan məhrum edilib.
İttihama görə, R.Rəcəbov özünü dövlət orqanlarında yüksək vəzifədə çalışan şəxslərlə əlaqələri olan şəxs kimi təqdim edərək həmin şəxslərin vasitəsi ilə İ.Məmmədovun oğlunu işə düzəldə biləcəyi və həyat yoldaşının işdə qalma müddətini artıra biləcəyi barədə həqiqətə uyğun olmayan yalan məlumat verib. O, İ.Məmmədovun oğlunu Sumqayıt şəhəri TTY-da sürücü vəzifəsinə qəbul etdirəcəyi və məktəbdə müəllimə işləyən pensiya yaşına çatmış həyat yoldaşının işdə qalma müddətinin bir il də artırılmasında köməklik edəcəyi barədə yalan vəd verib aldadaraq, həmin işlərin görülməsi müqabilində ümumilikdə 8000 manat məbləğində pul vəsaitini ələ keçirməklə dələduzluq edib.
Şəbnəm Mehdizadə