- 31 May 16:32
"Dəryaz" qəzetinin təsisçisi və baş redaktoru Habil Tağıyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Kamil Əliyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş dindirilib.
Zərərçəkmiş İ.Cümşüdovun şikayət ərizəsində qeyd etdikləri ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyyət olduğu müəyyən edilib. O, Habil Tağıyevdən heç bir şikayəti olmadığını, ona qarşı heç bir hədə-qorxu ilə tələbetmə hallarının olmadığını qeyd edib.
Daha sonra məhkəmədə bir neçə dəfə dindirilməyə çağırılan, lakin gəlməyən zərərçəkmişlərin məcburi gətirilmə məsələsinə baxılıb. Belə ki, məhkəmə yerində müşavirə ilə onların məcburi gətirilmə qərarını verib.
Məhkəmənin növbəti iclası 20 iyun tarixinə müəyyən edilib.
Qeyd edək ki, Habil Tağıyev Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılıb. O, ayrı-ayrı şəxslər barəsində ifşaedici məlumatlar yayacağı hədəsi ilə müxtəlif məbləğlərdə pul tələb etməkdə təqsirli bilinir. Habil Tağıyevdən 10-a yaxın şəxs şikayət edib. Ona hədə-qorxu ilə tələb etmə maddəsi ilə ittiham elan olunub və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Humay Eminqızı