- 5 İyun 21:59
İnvestisiya fəaliyyəti ilə məşğul olan platformada valyuta alqı-satqısı həyata keçirməklə gəlir əldə etmək istəyən üç nəfərin külli miqdarda pulunu ələ keçirməkdə təqsirləndirilən Nizami Alışanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
E-huquq.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs dindirilib.
Zərərçəkmiş Yadigar İsrafilov ifadəsində bildirib ki, təqsirləndirilən şəxslə 2022-ci ilin əvvəllərində tanış olub və aralarında əvvəl dost münasibəti olub: “Nizami ilə ortaq dostlar sayəsində tanış olmuşuq. Digər zərərçəkmiş Usubov da Nizami ilə mənlə eyni vaxtda tanış olub. Usubovla aramda dost münasibəti olub. Onun işlətdiyi obyektlərdə, dostlarının obyektlərində, avtosalonda işləmişəm. Dubayda da avtosalonda satıcı kimi işləmişəm. Nizamiyə 2 dəfə olmaqla 100 min dollar vermişəm”.
Daha sonra Alışan Nizami ifadə verib: “İlk dəfə 2004-cü ildə “Forex”dən istifadə etmişəm. O, fəaliyyətini dayandırandan sonra başqa şirkətlərə keçmişəm. Zərərçəkmiş Babəklə 2003-cü ildə bir yerdə oxumuşam. Onunla dost olmuşuq. Valyuta ilə bağlı praqnozları onla bölüşürdüm və o da buna əsasən yatırım edirdi. Mənə inanırdı, çünki sosial şəbəkələrdə səhifəm var idi və paylaşdığım praqnozlar özünü doğruldurdu. Mənə deyirdi ki, sənə pul verim, özünə nə yatırım edirsənsə, mənə də eynisini et. Babək ilk olaraq 100 min dollar yatırım edib. Daha çox gəlir əldə etmək istədiyini bildirdi və 400 min əlavə yatırım etdi. Sonra bir gün Babək dostunun olduğunu və mənə yatırıma əlavə etmək üçün 400 min dollar da verəcəyini dedi . Onun Zeynal adlı dostu ilə görüşdüm və 400 min dolları mənə verdi. Yatırımda itki olduğu vaxtlarda belə Babəkə stabil pul vermişəm. Ümumilikdə Babək yatırım üçün 900 min dollar verib. 2023-cü ildən Babək mənə daha çox gəlir istədiyini deyirdi. O, üstümə çox gəldi və buna görə də daha çox risk etməyə başladı. Bir gün gəlirin azlığından şikayət edən Babək 900 min dolları məndən geri istədi. Babək elə bildi ki, mən onun pulunu mənimsəyirəm və faizlə ümumilikdə məndən 1,5 milyon pul istədi”.
Məhkəmənin növbəti iclası 23 iyun tarixinə təyin edilib.
Qeyd edək ki, iş üzrə zərərçəkən qismində 3 nəfər - Zeynal Mütəllim oğlu Usubov, Babək Məhəmməd oğlu Məmmədzadə və Yadigar Şibi oğlu İsrafilov tanınıb.
Təqsirləndirilən Nizami Alışan asan pul qazanmaq istəyən şəxslərə özünü səhm və valyuta alqı-satqısı ilə məşğul olan mütəxəssis kimi təqdim edib. Bununla da o, Babək Məmmədzadənin 1 milyon 300 min, Zeynal Usubovun 945 min, Yadigar İsrafilovun isə 200 min dollar pulunu ələ keçirib.
Zərərçəkmişlərə dəyən ümumi ziyan 2 milyon 445 min dollar (4 milyon 156 min 500 AZN) təşkil edir.
Ona Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq - xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə də ittiham irəli sürülüb.
Humay Eminqızı