- 5 İyun 21:59
Ukraynalı kriminal avtoritet Oleq Krapivin ("Oleq Bakinski") və onunla birgə ittiham olunan Konstantin Kuçerin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan edilib.
Daha sonra dövlət ittihamçısı Tural Yaqubov çıxış edib. O, Oleq Krapivin 3 il müddətinə azadlıqdan məhrum edilməsini və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini, Konstantin Kuçerin isə 14 il müddətinə azadlıqdan məhrum edilməsini və cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməyini istəyib.
Zərərçəkmiş tərəfin nümayəndəsi dövlət ittihamçısının təklif etdiyi cəza ilə razı olduğunu bildirib, eyni zamanda mülki iddiaların təmin edilməsini istəyib.
Məhkəmənin növbəti iclası 20 iyun tarixinə təyin edilib.
Qeyd edək ki, "Oleq Bakinski" Bakıda Rusiya vətəndaşına qarşı xuliqanlıq etməkdə ittiham olunaraq polis tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 221.3-cü ( xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə ittiham irəli sürülüb. Barəsində həbs qətimkan tədbiri seçilib. Daha sonra ona Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə də ittiham verilib. Cinayət işi üzrə "Oleq Bakinski" ilə yanaşı, 2010-2011-ci illər ərzində Ukraynanın müdafiə sənayesi nazirinin aviasiya məsələləri üzrə müavini vəzifəsində çalışmış Konstantin Antonoviç Kuçer də təqsirli bilinir.
Zərərçəkən qismində "Aviazapchast" ASC, Promyshlennye Postavki Kazakhstan" MMC və Zaxarenkov Valeriy Nikolayeviç tanınıb.
Humay Eminqızı