- 1 İyul 23:38
Terrorçuluq barədə yalan məlumat verməkdə təqsirləndirilən Cəmaləddin Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.
İttihamda qeyd olunub ki, Cəmaləddin Cəfərov 29 yanvar 2025-ci ildə taksafonla Daxili İşlər Nazirliyinin "102" telefon qaynar xəttinə zəng edərək Sahil Metrostansiyası yaxınlığında olan hotelə partlayıcı maddə qoyulması barədə yalan məlumat verib.
O, özünü təqsirli bilərək əməlindən peşman olduğunu deyib.
Cəmaləddin Cəfərov bildirib ki, həmin vaxt içkili olub: "102-ə zəng edib dedim ki, Sahil metrosu yaxınlığında hotelə bomba qoyulub. Əməlimdən peşmanam".
Sonra məhkəmə istintaqının yekunlaşması barədə qərar verilib. Dövlət ittihamçısı çıxışı zamanı onun 6 il 6 ay müddətə azadlıqdan məhrum edilməsini istəyib.
Daha sonra ona hökm oxunub. Hökmə əsasən, Cəmaləddin Cəfərov 5 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Cəmaləddin Cəfərov Cinayət Məcəlləsinin 216-cı (Terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə ittiham olunur.
Humay Eminqızı