"Mən namuslu, qeyrətli olmuşam həmişə" - İlhamə Elşadqızı


  • 11 İyun 16:55

Narkotik ittihamı ilə həbs edilən, özünü şair və tiktoker kimi təqdim edən İlhamə Elşadqızının (Əsgərova) məhkəməsi baş tutub.

E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Anar Sadıqovun sədrliyi ilə keçirilən prosesdə şahidlər dindirilib.

"Həmin gün anam da mənlə evdə olub. Anamı əməkdaşlar sürüyərək çıxarıb. Mənə qarşı fiziki və psixoloji təziq göstəriblər. Mən alim, pedaqoq ailəsində böyümüşəm. Adıma qara yaxırlar. Qadın günəş kimi əlçatmaz olmalıdır, namuslu, qeyrətli olmalıdır. Mən namuslu, qeyrətli olmuşam həmişə. Adım heç vaxt pis hallandırılmayıb, bundan sonra da hallandırılmayacaq", - deyə İ.Elşadqızı bildirib.

Həmçinin təqsirləndirilən şəxs polislərin evə baxışından sonra evdən 200 manatın itdiyini bildirib.

Polis əməkdaşları təqsirləndirilən şəxsin iddialarını təkzib ediblər: "Daxil olmuş məlumat əsasında İlhamə Elşadqızının mənzilində əməliyyat keçirmişik. Evdən narkotik aşkar edilib. Daha sonra onu polis idarəsinə aparmışıq. Təqsirləndirilən şəxsin ona təzyiq edilməsi və ya evinə narkotik atılması ilə bağlı dedikləri hamısı sadəcə şər-böhtandır".

Vəkil vəsatətlə çıxış edərək E.İlhamənin anasının şahid qismində məhkəmədə dindirilməsini istəyib.

Təqsirləndirilən şəxsin döyülməsi ilə əlaqədar aparılan ekspertiza zamanı isə məlum olub ki, xəsarət izi aşkar edilməyib.

Məhkəmə digər iki şahidin də dindirilməsi ilə bağlı 17 iyun tarixinə təxirə salınıb.

Qeyd edək ki, İlhamə Elşadqızına qarşı Cinayət Məcəlləsinin 234.1-1 (satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi ilə yekun ittiham elan edilib. Təqsiri sübuta yetirilərsə, o, 3 ildən 8 ilə kimi azadlıqdan məhrum edilə bilər.

Humay Eminqızı

Oxşar xəbərlər