- 10:58
Lökbatanda qəsdən adam öldürməkdə təqsirləndirilən Məzahir Bayramovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə şahid Fərmanov Sənan dindirilib.
O qeyd edir ki, işdən çıxıb qardaşı ilə evə gedəndə səs-küy eşidib: “İşlətdiyim internet klubdan evə gedəndə səs-küy eşitdim. Gördüm ki, Məzahir əlində bıçaqla insanların üzərinə düşüb. Münaqişəni ayırmaq üçün ora yaxınlaşdım. Məzahiri qucaqlayıb yerə yıxdım. Mən oraya münaqişənin sonlarında yaxınlaşmışam. Məzahirin İlham Haqverdiyevi bıçaqladığını görməmişəm”
Daha sonra zərərçəkmiş şəxsin vəkili vəsatətlə çıxış edib.
Vəkilin vəsatətləri təmin edilməyib.
Qeyd edək ki, ittihama görə, 2006-cı il təvəllüdlü Məzahir Bayramov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı tanışı 1998-ci il təvəllüdlü İlham Haqverdiyevi kəsici-deşici alətlə xəsarət yetirərək qəsdən öldürüb. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə ittiham irəli sürülüb.
Humay Eminqızı