"Bakı Apellyasiya Məhkəməsinin hakimi yanlış məhkəmə təcrübəsi yaradır" - Zərərçəkmiş


  • 12 İyun 10:24

"Bakı Apellyasiya Məhkəməsi dələduzluqda təqsirləndirilən şəxsi heç bir qanuni əsas olmadan ev dustaqlığına buraxıb".

Bunu e-huquq.az-a müraciətində vətəndaş Aslan Novruzov deyib.

Vətəndaşın sözlərinə görə, “Dubai Cars-Z” MMC-nin təsisçisi və direktoru vəzifəsində çalışan Zaur Həşimov adlı şəxs ona qarşı dələduzluq edib. Belə ki, Birləşmiş Ərəb Əmirliklərindən Azərbaycan Respublikasına minik avtomobilləri idxal edib "Dubai Cars" avtomobil salonunda sataraq qazanc əldə etmək üçün sərmayəyə ehtiyacı olduğuna inandırıb. Avtomobillərin Azərbaycan Respublikasına idxalı və satışından sonra əldə olunacaq mənfəətdən qazanc verəcəyinə dair yalan vəd verməklə onu aldadıb.

"Zaur Həşimovla daha öncədən tanışlığım olub. Daha dəqiq desək, onun atasını tanıyırdım. Zaur mənim etibarımdan sui-istifadə edərək, maşın alveri ilə əlaqədar ümumilikdə 1,9 milyon manat pulumu alıb. Guya xaricdən maşın alıb gətirəcəkdi və o maşınları burada satacaqdıq. Mən ona inanıb pul verdim. O, həmin avtomobillərin sənədlərini gətirib mənə təqdim etdi. Lakin maşınların özünü vermədi. Bilmirəm, kimləsə əlbir olub həmin maşınları satıb. Mən məsələ ilə bağlı Nərimanov Rayon Polis İdarəsinə müraciət etdim. Faktla bağlı cinayət işi başladıldı. Zaur Həşimova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə ittiham elan edildi. Xətai Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçildi. Lakin təqsirləndirilən şəxs apellyasiya şikayəti verdi və Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahim İbrahimli şikayəti təmin edərək birinci instansiya məhkəməsinin qərarı ləğv edib, Zaur Həşimovu ev dustaqlığına buraxdı. Mənə və vəkilimə məlumat verilmədən, bizim iştirakımız olmadan apellyasiya məhkəməsi bu qərarı qəbul edib", - deyə A.Novruzov qeyd edib.

Zərərçəkmiş Bakı Apellyasiya Məhkəməsinin qərarını qanunsuz hesab edir: “Təqsirləndirilən şəxs dəymiş zərəri ödəmədiyi halda ev dustaqlığına necə buraxılıb? Bu qərar yanlış məhkəmə təcrübəsi yaradır. Necə olur ki, hakim İbrahim İbrahimli analoji işlərdə birinci instansiya məhkəmələrinin qərarlarını qüvvədə saxlayır, amma bu işdə təqsirləndirilən şəxsi ev dustaqlığına buraxır? Hakim niyə icraatında olan eyni tipli işlər üzrə bir-birinə ziddi qərarlar qəbul edir? Burada neqativ hallara yol verildiyini düşünürəm. Çünki Zaur Həşimovun ev dustaqlığına buraxılması üçün heç bir əsas yoxdur. Axı bu şəxs dəymiş zərəri ödəməyib. Hesab edirəm ki, ev dustaqlığına çıxandan sonra, ümumiyyətlə, dəymiş zərəri ödəmək barədə düşünməyəcək. Həbsdə olanda deyirdi ki, ziyanı ödəyəcək. Amma ev dustaqlığına çıxandan sonra başqa cür danışır. Deyir ki, ev dustaqlığına necə çıxdımsa, bu işi də o cür həll edəcəm. Hətta onun oğlu mənə hədə-qorxu gəlir. Buna dair əlimdə sübutlar da var. Mən xahiş edirəm ki, bu iş ciddi araşdırılsın. Zaur Həşimov barəsində qanuni və adalətli qərar qəbul edilsin. Mənə dəymiş zərərin ödənilməsi təmin olunsun".

Məsələ ilə bağlı Bakı Apellyasiya Məhkəməsinə sorğu ünvanlasaq da, münasibət bildirməkdən imtina etdilər.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər