Perinatal Mərkəzdəki yanğınla bağlı məhkəmə davam etdirilib


  • 13 İyun 10:58

“Respublika Perinatal Mərkəzi”ində 7 körpənin öldüyü yanğınla bağlı ittiham olunan direktor və şöbə rəislərinin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi keçirilən prosesdə mərkəzin tibb bacısı Təranə Əhmədova dindirilib.

O bildirib ki, təqsirləndirilən şəxsləri tanıyır və hadisə baş verən gün növbədə olub: “Biz növbədə 6 nəfər heyətlə olmuşuq. Onlardan ikisi tibb bacısı, ikisi böyük tibb bacısı, ikisi isə kiçik tibb bacısı idi. Hadisə mərkəzin 4-cü mərtəbəsində yeni doğulan körpələrin yerləşdiyi palatada baş verib. Hadisədən əvvəl biz mətbəxə keçmişdik, su içmək istəmişdik. Həmin vaxt Validə həkim şöbədə olub. O da növbədə idi. Birdən yanğının olduğunu eşitdik. Yanğını söndürməyə çalışdıq, amma alınmadı, söndürə bilmədik. Şöbədə yanğın söndürmək üçün balonlar var idi. Mühafizəçi yanğını söndürmək üçün balonu açdı, bu zaman partlayış oldu".

Dövlət ittihamçısının suallarını cavablandıran şahid bildirib ki, şöbədə yeddi küveyz olub: "Yanğın elektirik naqillərindən baş verib. Gördük ki, küveyz yanır. Körpələri çıxarmağa çalışdıq".

Şahid qeyd edib ki, mərkəzdə bu yanğın hadisəsi ilk dəfə baş verməyib: "Bu yanğın hadisəsindən əvvəl də iki dəfə mərkəzdə yanğın baş verib. Əvvəlki yanğınlar mərkəzin 2 və 3-cü mərtəbələrində baş verib. Mən həmin yanğının şahidi olmamışam".

Hakim bildirib ki, bütün şahidlər dindirildikdən sonra Təbriz Nəzəri dindiriləcək və ifadəsi zamanı onun adını çəkən bütün şahidlər yenidən məhkəməyə çağırılacaq.

Təbriz Nəzəri xəstəxanada işləyir . O tibb işçilərinə elektrik yuvalarını istifadə etməməyi tapşırdığını bildirmişdi.

Məhkəmənin növbəti iclası 30 iyun tarixinə təyin edilib.

Qeyd edək ki, ötən il yanvarın 9-da “Respublika Perinatal Mərkəzi” PHŞ-nin inzibati binasında yanğın baş verib.

Yanğınla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.

İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yenidoğulmuş ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.

Bundan başqa, Mehriban Abasquliyevanın 27 dekabr 2022-ci il tarixdə Mərkəzin direktoru təyin edilməsindən sonra müəssisənin tibbi təminat resursları və potensialını nəzərə almadan xəstə qəbulu sayını iki dəfəyədək artırması nəticəsində müəssisənin elektrik təsərrüfatının artıq yüklənərək sonda yanğına səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

Eyni zamanda istintaqla, Fövqəladə Hallar Nazirliyi tərəfindən Mərkəzdə yoxlamalar aparılaraq yanğın təhlükəsizliyi qaydaları, xüsusən də, mövcud avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusunun nasazlığı, daxili yanğın su kranlarının işlək olmaması və elektrik təsərrüfatında nöqsanların olması Mərkəzin rəhbərliyinə bildirilsə də, direktor və Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapeya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin nöqsanları aradan qaldırmamalarına əsaslı şübhələr müəyyən edilib.

Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib.


Xatırladaq ki, cinayət işi üzrə zərərçəkmiş qismində "Respublika Perinatal Mərkəzi", Elçin Gülmalı oğlu Nəcəfov, Vaqif İntiqam Hacıyev, Aynurə Qalib qızı Əhmədova, Gülbahar Zülfüqarova zərərçəkmiş qismində tanınıb.

Humay Eminqızı

Oxşar xəbərlər