Bakıda qızını öldürməkdə təqsirləndirilən şəxsə 16 il cəza verildi


  • 13 İyun 15:21

Zabratda qızı Cəmalə Atakişiyevanı xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən Yelmar Atakişiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Dövlət ittihamçısı Atakişiyev Yelmarın 18 il müddətinə azadlıqdan məhrum edilməsini və təqsirləndirilən şəxsin cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini təklif edib.

Zərərçəkmiş şəxsin hüquqi varisi Ramilə xanım cəza ilə razı olmadığını və təqsirləndirilənə ən ağır cəzanın verilməsini istəyib.

Daha sonra təqsirləndirilən şəxsin vəkili çıxış edib.

"Cəmalə Yelmar Atakişiyevin ən sevdiyi övladı olub. O qızını pis yoldan döndərmək üçün onunla neçə dəfə söhbət edib. Hadisə baş verən gün qızının ikinci telefon işlətdiyini öyrənmişdi. Qızından telefonu istəsə də, amma o bundan imtina edib. Bundan hiddətlənən A.Yelmar qızını vurmağa başlayıb”

Vəkil əlavə edib ki, ittiham əsassızdır və onunla razı deyil: “Cəzanı çox ağır hesab edirəm. Təqsirləndirilən şəxsin vaxtikən psixiatrik xəstəxanada müalicə aldığının nəzərə alınmasını istəyirəm”.

Daha sonra məhkəmə təqsirləndirilən şəxsə son söz verib.

"Mən hadisəni törətdikdən sonra oradan getmişəm. Oradan gedəndə düşündüm ki, yəqin bacıları təcili tibbi yardım çağırar. Bilirəm ki, ora düz iki dəfə təcili tibbi yardım maşını gəlib və onlar yardımdan imtina ediblər",- deyə A. Yelmar bildirib.

Məhkəmə müşavirəyə gedib. Müşavirədən sonra hökm oxunub. Hökmə əsasən, Yelmar Atakişiyevin 16 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Təqsirləndirilən A. Yelmarın əməli qızının əxlaqsız həyat tərzi sürməyi və ərinə xəyanət etməsi şüpələri ilə törətdiyi məlum olub.

Qeyd edək ki, hadisə ötən ilin noyabrında Bakının Zabrat qəsəbəsində baş verib. Qəsəbə sakini 42 yaşlı Cəmalə Atakişiyeva yaşadığı evdə qətlə yetirilib. Araşdırmalar zamanı onun atası Yelmar Atakişiyev tərəfindən öldürüldüyü müəyyən olunub.

Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Humay Eminqızı

Oxşar xəbərlər