Ərinin qətlini sifariş verməkdə təqsirləndirilən qadının məhkəməsi: "Maska taxdım ki, məni tanımasınlar"


  • 13:14

Ərinin qətlini sifariş verməkdə ittiham olunan Əzizə Seyidova, qətlin icraçıları kimi təqsirləndirilən Mehdi Məmmədov, Bəxtiyar Fərzəliyev və Elnur Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

E-huquq.az xəbər verir verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Seyidova Əzizə ifadə vermək üçün vaxt istəyib.

Daha sonra təqsirləndirilən Mehdi Məmmədov ifadə verib: "Mən Rusiyada cəza çəkəndən sonra deportasiya edilmişəm. Bakıya gələndə dəmirçi işləməyə başladım. Ölkəyə qayıdanda yolda bir "Əhli-Beyt" cəmiyyəti zəng edib dedi ki, xəstə xanım var, ona yardım etmək lazımdır. Həftədə 1-2 dəfə onların evinə gedirdim. Orada mənə qonşuluqdakı dindar bir xanımla tanış olmağı təklif etdilər. Leyla adlı həmin xanımla ailə qurma qərarına gəldik və kəbin kəsdik. Bir gün Leyla ilə aramızda münaqişə oldu və o atası evinə getdi. Zənglərimə də cavab vermirdi. Ona görə də Leylanın bacısı qızı Əzizədən bizi barışdırmasını xahiş etdim. O vaxta kimi Əzizə ilə görüşüm olmamışdı".

Təqsirləndirilən şəxs Əzizə Seyidovanın qətli sifariş etmədiyini bildirib.

M.Məmmədovun sözlərinə görə, o, taksi sürücüsü kimi fəaliyyət göstərirmiş və bir gün Əzizə ona zəng edərək rəfiqəsigilə aparmasını istəyib: "Zəng edəndə ağlayırdı. Mən ona gələ bilməyəcəyimi dedim. Başqa taksi sifariş etdim. Taksi onu yanıma gətirəndə nə baş verdiyini soruşdum. Dedi ki, babamla münaqişəmiz olub və mənə əl qaldırıb. Əzizə onu rəfiqəsi Xədicənin yanına aparmağımı istədi. Əzizəni Xədicənin iş yerinə apardım. Xədicə 15 dəqiqəlik işi olduğunu bildirdi, çay içərək onu gözləməyimizi istədi. Sonra onlar iş yerindən çıxanda yemək almaq istədiklərini dedilər. Mən də onları yemək almağa apardım. Maşında gözləyəndə tanımadığım nömrədən zəng gəldi. Səsdən Xədicə olduğunu başa düşdüm. O, şübhəli danışırdı. Dedi ki, bizim əşyalarımız maşında qalıb. Hiss etdim ki, nəsə baş verir, mən də onlara uyğun rol oynamağa başladım. Sonra telefonu Əzizənin yoldaşı götürdü. Dedi ki, əgər xanımların əşyaları sizdə qalıbsa, atdığım ünvana gəlin. Maşında əşya çox idi, mən onlara apasaydım, bəlli olacaqdı ki, bu qədər əşya yaddan çıxa bilməz. Mən onun göndərdiyi ünvana gəldim, əşyaları verdim. Dedi ki, sən kimsən? Siz məni dolamısız? Bu qədər əşya yaddan çıxar? O, çox əsəbi idi. Əşyaları yerə atdım, dedim ki, mən problem axtarmıram. Sonra məni söyməyə başladı. Maşına oturdum və dedim ki, söyüşlərin cavabını alacaqsan".

Təqsirləndirilən şəxs bildirib ki, daha sonra baş verənlər barədə Bəxtiyar Fərzəliyevə danışıb: "Bəxtiyar dedi ki, söhbətə getsən, mənə deyərsən. Bəxtiyara dedim ki, bu söhbət aramızda qalsın. Mən özümə sığışdırmaram ki, bunu çox adam bilsin. Söhbət etdiyimiz yerdə gördük ki, maşında hansısa telefona zəng gəlir. Telefon xanımların idi, Maşında yaddan çıxıbmış. Zəngə cavab verdim, danışan Əzizə idi. Dedi ki, telefonu sənə göndərəcəyim ünvana gətir. Telefonu aparanda Əzizəyə maşına oturmasını dedim və nə baş verdiyini soruşdum. Əzizə dedi ki, yemək sifariş verərkən anasına zəng edib Xədicə ilə olduğunu və narahat olmamasını deyib. Anası da Əzizənin yoldaşı Əliyə zəng edərək bu barədə məlumat verib. Əzizə Seyidova mənə həyat yoldaşı ilə problemləri olduğunu dedi. Mən ona məsləhət verdim ki, ərindən ayrılma, sizin övladlarınız var. Sonra Əzizə maşından düşüb getdi".

M.Məmmədov deyib ki, hadisə baş verən gün Bəxtiyar və Elnurla görüşüb birgə yemək yeməyə gediblər: "Yemək yedikdən sonra biz Əlinin evinə getdik. Mən qara tibbi maska taxdım ki, dava düşsə, ətrafdan tanımasınlar. Həmin an Bəxtiyar və Elvin məndən aralıda dayanmışdılar. Ora gedəndə düşünmüşdüm Əli vaxtilə etdiyi hərəkətə görə üzr istəyər. Əli isə dedi sən kimsən ki, axşam vaxtı qapıma söhbətə gəlirsən? Əli üstümə bıçaqla gələndə uşaqları köməyə çağırdım. O, bıçaqla əlimi yaraladı. Uşaqlar gələndə onları da söydü. Onu yerə yıxdım. Əlindəki bıçaq düşdü. Bıçağı götürüb Əlini arxa tərəfdən vurdum. Elvin isə bizim maşından bıçaq götürdü və Əlini ayağından bıçaqladı. Ordan aralananda onun da evə getdiyini gördük".

Təqsirləndirilən şəxs bildirib ki, Əli Seyidlinin ölüm xəbərini həyat yoldaşı Leyladan öyrənib.

Məhkəmənin növbəti iclası 1 iyul tarixinə təyin edilib.

Qeyd edək ki, ittihama görə, hadisə 2023-cü il martın 16-da Sabunçu rayonunda baş verib. Həmin gün 00:05 radələrində 1993-cü il təvəllüdlü Əli Seyidlinin yaşadığı fərdi yaşayış evinin qarşısında öldürülməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində cinayət əməlinin zərərçəkmişin arvadı - 2000-ci il təvəllüdlü Əzizə Seyidovanın təşkilatçılığı ilə 1981-ci il təvəllüdlü Mehdi Məmmədov, 1988-ci il təvəllüdlü Elvin Əliyev və 1995-ci il təvəllüdlü Bəxtiyar Fərzəliyev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Əzizə Seyidovaya Cinayət Məcəlləsinin 32.3, 32.4, 120.2.1, 120.2.4, 120.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs halında, xüsusi amansızlıqla, tamah məqsədilə və sifarişlə qəsdən adam öldürməyə təhrik etmə və cinayəti təşkil etmə), Mehdi Məmmədov, Bəxtiyar Fərzəliyev və Elvin Əliyevə isə həmin Məcəllənin 120.2.1, 120.2.4, 120.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs halında, xüsusi amansızlıqla, tamah məqsədilə və sifarişlə qəsdən adam öldürmə) maddələri ilə ittiham elan edilib.

Humay Eminqızı

Oxşar xəbərlər