Gürcüstan Ali Məhkəməsinin sədrinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirildi - FOTO


  • 18:52

Məhkəmə-Hüquq Şurasının fəaliyyətinin 20 illiyinə həsr olunan beynəlxalq konfrans çərçivəsində ölkəmizdə səfərdə olan Gürcüstan Ali Məhkəməsinin sədri Nino Kadagidzenin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının Ali Məhkəməsində olub.

Bu barədə e-huquq.az-a Ali Məhkəmədən məlumat verilib.

Qonaqları salamlayan Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov Azərbaycan-Gürcüstan arasında münasibətlərə toxunub, iki ölkənin qarşılıqlı əlaqələrinin bütün sahələrdə uğurla inkişaf etdiyini qeyd edib.

Ölkəmizdə aparılan məhkəmə-hüquq islahatları barədə ətraflı məlumat verən sədr, Ali Məhkəmənin vahid məhkəmə təcrübəsinin formalaşdırılması istiqamətində gördüyü işləri diqqətə çatdırıb.

Həmçinin məhkəmə sahəsində əməkdaşlığın qarşılıqlı səfərlər və təcrübə mübadiləsi nəticəsində daha da möhkəmləndiyi vurğulanıb, yeni əməkdaşlıq imkanlarının yarandığı bildirilib. Qeyd edilib ki, qloballaşan dünyada qarşıya çıxan yeni çağırışlar və tələblərə uyğun olaraq, məhkəmələrdə innovativ texnologiyaların tətbiqi, həmçinin ədalət mühakiməsinin səmərəliliyinin və əlçatanlığının artırılması əsas prioritetlərdəndir.

Dəvətə və səmimi qəbula görə təşəkkürünü bildirən nümayəndə heyətinin rəhbəri Nino Kadagidze ikitərəfli əlaqələri yüksək qiymətləndirərək, bu münasibətlərin inkişafına xüsusi diqqət yetirildiyini bildirib. İyunun 18-də Bakıda keçiriləcək “Məhkəmə idarəçiliyi sahəsində qlobal çağırışlar” mövzusunda konfransın hüquq ictimaiyyəti üçün əhəmiyyətini xüsusi vurğulayan qonaq, bu səfərin qarşılıqlı əməkdaşlığın daha da genişlənməsinə töhfə verəcəyini diqqətə çatdırıb.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.

Oxşar xəbərlər