Lənkəranın icra başçısına sui-qəsd hazırlamaqda təqsirləndirilən şəxsə hökm oxundu


  • 09:15

Lənkəran İcra Hakimiyyətinin başçısı Taleh Qaraşova sui-qəsd hazırlamaqda təqsirləndirilən Bəhruz Əskərovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə yekun məhkəmə prosesi keçirilib.

E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Bəhruz Əskərov 15 il müddətinə azadlıqdan məhrum edilib. O cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Qeyd edək ki, DTX tərəfindən cinayət məsuliyyətinə cəlb olunan B.Əskərova qarşı AR Cinayət Məcəlləsinin 28,120.2.1, 28,120.2.10, 28,120.2.11, 28,120.2.12 (qabaqcadan əlbir olan bir qrup şəxs halında milli, irqi, dini ədavət və düşmənçilik zəminində təkrar adam öldürməyə hazırlıq), 28,214.2.1, 28,214.2.3 (odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə terror aktı törətməyə hazırlıq), 28,214-3.1 (terrorçuluqla əlaqədar təlim keçməyə hazırlıq), 28,277 (dövlət xadiminin həyatına sui-qəsd etməyə hazırlıq) və 28,278.1-ci (dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hazırlıq hərəkətləri) maddələri ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, Bəhruz Əskərov respublikanın müxtəlif rayonlarında yaşayan şəxsləri gizli əlaqəyə cəlb edərək, onlara Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısının həyatına sui-qəsdin təşkil olunması barədə tapşırıqlar verməkdə ittiham olunur.

Həmçinin Bəhruz Əskərovun əlaqəsində olan şəxslərə Azərbaycanın bəzi rayonlarında fərdi qaydada ingilis dili müəllimi kimi fəaliyyət göstərən xarici ölkə vətəndaşına qarşı sui-qəsd həyata keçirməyi tapşırması da təsbit edilib.

DTX tərəfindən keçirilmiş kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində Bəhruz Əskərovun tutularaq Azərbaycan Respublikasında cinayət məsuliyyətinə cəlb edilməsi təmin olunub, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Humay Eminqızı

Oxşar xəbərlər