- 16:03
"Məhkəmə-Hüquq Şurası 20 illik fəaliyyəti sayəsində Azərbaycanın hüquq sistemindəki islahatların əsas dayaqlarından birinə çevrilib".
E-huquq.az xəbər verir ki, bunu Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov Məhkəmə-Hüquq Şurasının 20 illiyinə həsr olunmuş "Məhkəmə idarəçiliyi sahəsində qlobal çağırışlar" adlı beynəlxalq konfransda söyləyib.
O bildirib ki, Şura yalnız hüquq sahəsində deyil, həm də cəmiyyətin ədalətə olan inamının möhkəmlənməsində əvəzsiz rol oynayıb.
"Əlbəttə ki, bu uğurların təməlində müasir Azərbaycanın memarı və qurucusu Ulu Öndər Heydər Əliyev amili dayanır. Onun zəngin siyasi təcrübəsi, vətənə tükənməz sevgisi və uzaqgörənliyi xalqımızı ağır sınaqlardan uğurla çıxarmış, gələcək inkişafın əsasını qoyub. Əminliklə deyə bilərik ki, dahi lider parçalanmış, hər sahədə tənəzzül yaşayan Azərbaycandan – müasir, müstəqil və qüdrətli Yeni Azərbaycan yaratdı. Təbii ki, bütün sahələrdə yenilənən Azərbaycanda yeni məhkəmə sisteminin qurulması zəruri idi. Məhz buna görə də demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunu seçmiş ölkəmizdə müstəqil məhkəmə hakimiyyətinin formalaşmasına xüsusi diqqət yetirilib. Görülən işlər sayəsində mütərəqqi qanunlar qəbul olunub, hüquqi dövlətin möhkəm əsası qoyulub. 995-ci ilin 12 noyabr tarixində qəbul edilən ilk milli Konstitusiyamızda məhkəmə hakimiyyətinin əsasları formalaşdırılıb, məhkəmələrin digər hakimiyyət qollarından müstəqilliyi təsbit edilib. Sonrakı illərdə Hüquqi İslahatlar Komissiyası yaradılıb, məhkəmə hakimiyyətinin rolu nəzərə alınmaqla, Azərbaycan Respublikasının Prezidenti yanında Məhkəmə-Hüquq Şurası təsis edilib. "Məhkəmələr və hakimlər haqqında” Qanunda isə məhkəmə sisteminin müstəqilliyinin əsas prinsipləri müəyyən edilərək, üçpilləli müstəqil məhkəmə sistemi yaradılıb. Hazırlıqlı və peşəkar hakimlər korpusunun formalaşdırılması məqsədilə milli dövlətçilik tariximizdə ilk dəfə olaraq hakimlərin test üsulu ilə seçimi keçirilib.Beləliklə, yeni məhkəmə və hüquq sistemi yarandı, məhkəmə hakimiyyətinin gələcək inkişaf strategiyası müəyyən edildi", - deyə sədr əlavə edib.