"Məhkəmə sistemi hər zaman dövlətimizin diqqət və qayğısı ilə əhatə olunub" - Sədr


  • 10:37

"Hazırda Qarabağ və Şərqi Zəngəzurda məhkəmələrin fəaliyyət göstərməsi qanunçuluq və ədalət prinsiplərinin hər qarış torpağımızda bərqərar edilməsinin göstəricisidir".

E-huquq.az xəbər verir ki, bunu Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov Məhkəmə-Hüquq Şurasının 20 illiyinə həsr olunmuş "Məhkəmə idarəçiliyi sahəsində qlobal çağırışlar" adlı beynəlxalq konfransda söyləyib.

Sədr bildirib ki, bu il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” kimi qeyd olunur. Bu, hüquqi düşüncənin və konstitusiya dəyərlərinin təbliği baxımından mühüm əhəmiyyət kəsb edir:

"Elə bu kontekstdə şanlı zəfərimiz nəticəsində işğaldan azad edilmiş ərazilərdə dövlət təsisatlarının, o cümlədən məhkəmə sisteminin bərpası və fəaliyyətinin təşkili Azərbaycanın suveren hüquqlarının real təcəssümüdür. Hazırda Qarabağ və Şərqi Zəngəzurda məhkəmələrin fəaliyyət göstərməsi qanunçuluq və ədalət prinsiplərinin hər qarış torpağımızda bərqərar edilməsinin göstəricisidir. Xüsusi olaraq vurğulamaq istəyirəm ki, məhkəmə sistemi hər zaman dövlətimizin diqqət və qayğısı ilə əhatə olunub. Elə bu günlərdə məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısı olan dövlət başçısı tərəfindən Məhkəmə-Hüquq Şurasının 20 illik yubiley medalının təsis edilməsi də bizə göstərilən yüksək etimadın bariz nümunəsidir. Sonda bir daha bu əlamətdar yubiley və tarixi gün münasibətilə hər birinizi təbrik edir və Məhkəmə-Hüquq Şurasına gələcək fəaliyyətində uğurlar arzulayıram. Əminəm ki, Şura bundan sonra da ədalətin təmin edilməsində və dövlətin dayaqlarının möhkəmləndirilməsində özünəməxsus rolunu davam edəcəkdir"- deyə sədr qeyd edib.

Oxşar xəbərlər