- 17:50
"Məhkəmə hakimiyyətinin möhkəmləndirilməsində, onun müstəqil və ədalətli olmasında Məhkəmə-Hüquq Şurası müstəsna rol oynayır".
E-huquq.az xəbər verir ki, bunu Konstitusiya Məhkəməsinin hakimi, Məhkəmə-Hüquq Şurasının sabiq sədri Fikrət Məmmədov Məhkəmə-Hüquq Şurasının 20 illiyinə həsr olunmuş "Məhkəmə idarəçiliyi sahəsində qlobal çağırışlar" adlı beynəlxalq konfransda söyləyib.
F.Məmmədov bildirib ki, hər bir demokratik hüquqi dövlət üçün səmərəli məhkəmə hakimiyyətinin rolu əvəzsizdir:
"Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev ölkədə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunu bəyan edərək bu baxımdan məhkəmə hakimiyyətinin müstəqilliyinə və ədalət mühakiməsinin səmərəliliyinə xüsusi önəm verirdi. Ulu Öndər qeyd edirdi ki, demokratik hüquqi dövlət yaradılaraq o pillə-pillə yüksəkliklərə çatdırılır. Bunun üçün isə məhkəmə sisteminin mütərəqqi beynəlxalq norma və prinsiplərə uyğunlaşdırılması vacibdir. Bu məqsədlərə nail olunmasında heç şübhəsiz məhkəmə hakimiyyətinin özünüidarə orqanı olan Məhkəmə-Hüquq Şurasının rolu əvəzolunmazdır. 1995-ci ildə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müəllifliyi ilə hazırlanmış Müstəqil Azərbaycanın ilk milli Konstitusiyasının qəbulundan sonra müxtəlif sahələrdə islahatlar üzrə Komissiyalar yaradıldı. Ulu Qndər Hüquqi islahatlara xüsusi önəm verərək bu sahədə yaradılmış Komissiyaya rəhbərliyi bilavasitə öz üzərinə götürdü. Qısa müddət ərzində beynəlxalq normalara və demokratik cəmiyyətin tələblərinə cavab verən bir çox Qanun və Məcəllələrin hazırlanaraq qəbul edilməsinə nail olundu".
O deyib ki, 2000-ci il köklü məhkəmə-hüquqi islahatlarının həyata keçirilməsi baxımından çox əhəmiyyətli idi:
"Həmin il məhkəmələrin fəaliyyətini təmin edən bir çox yeni Məcəllə və Qanunlar qüvvəyə mindi və bugünki məhkəmə sistemimiz formalaşaraq fəaliyyətə başladı.Məhkəmə hakimiyyətinin müstəqilliyinin real təmin edilməsi hakimlərin seçilməsindən və təyinatından çox dərəcədə asılıdır. Hakim korpusunda yalnız yüksək nəzəri və peşə hazırlığına malik hüquqşünasların təmsil olunmasını təmin etmək məqsədilə Ümummilli Lider tərəfindən ayrıca Fərman imzalandı. Hakimlərin seçimində sovetlər birliyindən miras qalmış ənənələrə son qoyuldu. Məhkəmələrə müraciət imkanları asanlaşdırıldı, rəqəmsal inkişaf, o cümlədən Dövlət Başçısının 13 fevral 2014-cü il tarixli Sərəncamına əsasən Elektron məhkəmə İnformasiya Sisteminin yaradılması təmin edildi. Hakimlərin müddətsiz təyinatı, fəaliyyətlərinə müdaxilənin yolverilməzliyi, onların əmək haqlarının qanunla müəyyən edilməsi, hətta onun azaldılmasına qadağa qoyulması təsbit edildi (çünki bəzi dövlətlərdə igtisadi böhran pərdəsi ilə belə təsir alətlərinə əl atılırdı). Eyni zamanda məhkəmələrin büdcəsinin qəbul edilməsindən əvvəl mütləq Şura ilə razılaşdırılması qanunda əks olundu. Hakimlərə tərəflərin məhkəmə prosesindən kənar qəbulu qadağan edildi. Aparılan bu islahatlar və görülən digər tədbirlər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndilrilirdi".
F.Məmmədov əlavə edib ki, bu gün ölkəmizdə məhkəmə islahatlarının uğurla inkişafı, o cümlədən məhkəmə hakimiyyətinin müstəqilliyinin artırılması, xüsusilə Məhkəmə-Hüquq Şurasının səlahiyyətlərinin genişləndirilməsi sevindirici haldır:
"Məhkəmə-Hüquq Şurasının tərkibində hakimlərin rolunun daha da genişləndirilməsi, onların demokratik yolla Hakimlərin Konfransı tərəfindən seçilməsi, bütün instansiya məhkəmələri hakimlərinin təmsil olunduğu Hakimlərin Qiymətləndirilməsi Komitəsinin yaradılması, hakimlərin seçimi prosesinin daha da təkmilləşdirilməsi xüsusi məmnuniyyət doğurur. Əminəm ki, Məhkəmə-Hüquq Şurası hörmətli İnam müəllimin rəhbərliyi ilə qarşıda duran mühüm vəzifələrin öhdəsindən layiqincə gələcək və ölkəmizdə məhkəmə hakimiyyətinin möhkəmləndirilməsi və daha da inkişafına layiqli töhfəsini verəcəkdir".