Terrorçuluğu maliyyələşdirməkdə təqsirləndirilən şəxslərin məhkəməsi keçirilib


  • 11:25

Terrorçuluğu maliyyələşdirməkdə təqsirləndirilən Xəqani Ömərov, Anar Salamzadə və Elçin Əzizovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə Elçin Əzizov ifadə verib.

O, bildirib ki, bəzi silahlı qruplaşmalarla əlaqəsi olub: “İdlib şəhərinə Elşənin vasitəçiliyi ilə pul göndərirdim. Yardımın çatması ilə bağlı Elşən mənə oradan şəkil, videolar göndərirdi. Mən də onları yardıma dəstək verən şəxslərə göndərirdim ki, pullarının hara getdiyini görsünlər. Təxminən 10-15 dəfə yardım etmişəm. Yardımlarım 2023-cü ilin avqust ayından 2024-cü ilin oktyabr ayına kimi davam edib”, - deyə o bildirib.

Təqsirləndirilən şəxs Elşənlə tanışlığı barədə danışarkən bildirib ki, Türkiyədə fəaliyyət göstərən yardım qrupu ilə Suriyaya keçib: “Orada 4 ay yaşamışam. Həmin zaman Elşənlə tanış olmuşam. Nömrəsini götürmüşəm. Ölkəyə gəldikdən sonra onunla əlaqə saxlamışam”.

Elçin Əzizov Ömərov Xəqanini daha əvvəl tanımadığını və ilk dəfə burada gördüyünü bildirib. Eyni zamanda Anar Salamzadəni də bu işlə əlaqədar tanımadığını bildirib.

Məhkəmənin növbəti iclası 12 avqust tarixinə təyin edilib.

Qeyd edək ki, adıçəkilən şəxslər DTX-nin keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar. İstintaq orqanı müəyyən edib ki, təqsirləndirilən şəxslər terrorçuluğa dəstək məqsədilə xarici ölkədə fəaliyyət göstərən müəyyən şəxslərə maliyyə vəsaitləri köçürüblər. Təqsirləndirilən şəxslərə qarşı AR Cinayət Məcəlləsinin 214-1-ci (terrorçuluğun maliyyələşdirilməsi) maddəsi ilə ittiham irəli sürülüb.

Humay Eminqızı

Oxşar xəbərlər