- 16:03
"Məhkəmə sistemində süni intellektin tətbiqi olduqca böyük hadisə olacaq".
E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin sədr müavini Ziyafət Əsgərov Məhkəmə-Hüquq Şurasının 20 illiyinə həsr olunmuş "Məhkəmə idarəçiliyi sahəsində qlobal çağırışlar" adlı beynəlxalq konfransda söyləyib:
Sədr müavini bildirib ki, süni intellektin məhkəmə sistemində tətbiqi faydalı olmaqla yanaşı bəzi problemlərə də yol aça bilər:
"Süni intellektdən məhkəmə sistemində yararlanmaq böyük nəaliyyətdir. Amma onun məhkəmə, istintaq prosesində doğuracağı problemlər də var. Biz buna da hazır olmalıyıq. Vaxtilə kibercinayətkarlıq üzə çıxanda cinayət qanunvericiliyinə, cinayət prosessual qanunvericiliyə, inzibati qanunvericiliyə xeyli dəyişikliklər etdik. Amma kibercinayətkarlığın özünün qarşısının alınmasında nəinki bizim, dünyanın çox problemləri var. İnternet resurslarında, sosial şəbəkədə gedən proseslərə baxın. Bəzən cinayətkarların hüquq mühafizə orqanlarına belə təsir etmə imkanı olur. İndi isə süni intellekt yaranıb. Biz onun yaxşı tərəfləri ilə yanaşı, problemli tərəflərini müzakirə etməliyik. Mən şadam ki, bu gün keçirilən konfransda həmin məsələlər də müzakirə olunacaq. Çünki Milli Məclis üçün də bu məsələlər çox vacibdir. Məhkəmə orqanları ilə Milli Məclis arasında çox yaxşı əməkdaşlıq var. Yəqin ki belə məsələlər ilə əlaqədar yeni qanunların qəbul edilməsinə ehtiyyac yaranacaq. Milli Məclisdə süni intellekt haqqında qanun qəbul olunmasına dair təklif irəli sürülüb. Bunun üçün birinci növbədə ədalət mühakiməsinin şəffaflığını qoruyub saxlamaq lazımdır".