- 16:03
"Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə müasir hüquqi sistemin qurulması istiqamətində köklü islahatlar aparılıb".
E-huquq.az xəbər verir ki, bu sözləri Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov Məhkəmə-Hüquq Şurasının 20 illiyinə həsr olunmuş "Məhkəmə idarəçiliyi sahəsində qlobal çağırışlar" adlı beynəlxalq konfransda çıxışı zamanı söyləyib.
Səd müavini bildirib ki, keçirilən imtahanlar nəticəsində hakim korpusunun 60 faizi yenilənib. "Keçirilən islahatlar çərçivəsində Sovetlər dövründə qəbul edilmiş bir çox qanunvericilik aktları qüvvədən salınmış, əvvəlkindən prinsipcə köklü surətdə fərqlənən yeni qanun və məcəllələr qəbul edilib, üç pilləli müstəqil məhkəmə sistemi formalaşdırılaraq 2000-ci ildən fəaliyyətə başlayıb. Məhkəmə hakimiyyətinə inamın formalaşdırılması bu hakimiyyəti realizə edən hakimlərdən çox dərəcədə asılıdır. Ona görə də ölkəmizdə hakimlərin seçiminə mühüm əhəmiyyət verilib. Belə ki, hakim korpusunda yalnız yüksək nəzəri və peşə hazırlığına malik hüquqşünasların təmsil olunmasını təmin etmək məqsədilə hələ 2000-ci ilin yanvar ayında hakimliyə namizədlərin seçilməsi qaydasının təkmilləşdirilməsi barədə Fərman imzalanıb. Bununla da, hakimlərin seçimində keçmiş sovetlər birliyindən miras qalmış ənənə və inzibati amiriliyə son qoyuldu. Dövlətçilik tariximizdə bütün dövlət orqanları sırasında ilk dəfə hakimliyə namizədlərlə şəffaf prosedurlar əsasında, o cümlədən test üsulu ilə imtahanlar keçirilib. Bu imtahanların nəticəsində hakim korpusunun 60 faiz yenilənib".