Çingiz Əsgərov: "Azərbaycanda hakimlərin sayı 3 dəfə artırılmalıdır"


  • 12:35

Azərbaycanda hakimlərin sayı azdır, onların sayı 3 üç dəfə artırılmalıdır.

E-huquq.az xəbər verir ki, bunu Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Məhkəmə Şuralarının 3-cü iclası və Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının fəaliyyətinin 20 illiyinə həsr olunmuş “Məhkəmə idarəçiliyi sahəsində qlobal çağırışlar” adlı beynəlxalq konfransın panel müzakirəsində Ali Məhkəmənin sədri müavini və Məhkəmə-Hüquq Şurasının üzvü Çingiz Əsgərov deyib.

O təəssüflə qeyd edib ki, bu gün Azərbaycanda hakimlərin sayı 654 nəfərdir:

"100 min adama düşən hakim sayı 13 faizə yaxındır. Dünya göstəriciləri statistikasına əsasən, Azərbaycan axırıncı yerdədir. Dünya praktikasında Azərbaycan kimi ölkələrdə hər 100 min nəfərə düşən hakim sayı 17-18 faizdir. Ona görə bizdə hakimlərin sayı üç dəfə artırılmalıdır. Məhkəmə-Hüquq Şurasında müxtəlif variantlar nəzərdən keçirilir".

Ç.Əsgərov əlavə edib ki, qəbul edilmiş qaydalara əsasən, hakimlərin seçilməsi prosesi xeyli sadələşib.

"Əvvəllər hakimin seçilməsi prosesi 6 imtahandan ibarət olub. Bir hakimin seçilməsi və təyin edilməsi 2 il davam edib", - o vurğulayıb.

Məhkəmə-Hüquq Şurasının üzvü onu da qeyd edib ki, yeni təyin edilmiş hakimlərin əksəriyyəti 35 yaşa qədər olan şəxslərdir. Təkcə son üç ildə 1600-dən çox namizəd seçim prosesində iştirak edib, onlardan 210-ü seçilərək yüksək hakim vəzifəsinə təyin edilib:

"Yeni təyin edilmiş hakimlərin təxminən 50%-ni qadınlar təşkil edir. Yeri gəlmişkən, bu rəqəm əvvəlki illərdə xeyli aşağı - 15% idi. Son illərin təyinatları nəticəsində qadınların sayı bütün hakimlərin 30%-dək yüksəlib. Bu, ölkəmizin məhkəmə sistemində gender bərabərliyinin təmin olunmasının, qadınların ictimai həyatın müxtəlif sahələrində olduğu kimi, məhkəmə sistemində də fəallığının təzahürü kimi qiymətləndirilə bilər".

Oxşar xəbərlər