- 12:41
Külli miqdarda rüşvət alma və digər cinayət əməllərində ittiham olunan Fransanın “SAUR” şirkətinin vitse-prezidenti Anass Derraz barəsində Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə Anass Derraz həm ingilis dilli, həm də fransız dilli tərcüməçi ilə təmin edilib.
Daha sonra təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məlum olub ki, Anass Derraz Mərakeşin Kasablanka şəhərində anadan olub. O həm Fransa, həm də Mərakeş vətəndaşıdır. Evlidir və iki azyaşlı övladı var. Dubayda qeydiyyatda olan "SAUR" beynəlxalq şirkətinin vitse-prezidentidir.
Daha sonra məhkəmədə işin baxışa verilməsi müzakirəyə çıxarılıb.
A.Derraz prosesin təxirə salınmasını xahiş edib: "Sizdən xahiş edirəm ki, cinayət işinin baxılmasına xitam verilsin və iş ibtidai araşdırmanı həyata keçirən orqana qaytarılsın. 11 aydır övladlarımdan uzağam və ölkəmə qayıtmaq istəyirəm".
Onun vəkili bu məsələ ilə bağlı vəsatətin təmin olunmasını xahiş edib.
Məhkəmə müşavirədən sonra qərara alıb ki, vəsatət təmin edilməsin, həmçinin A.Derrazın barəsində seçilmiş başqa yerə getməmək haqqında qətimkan tədbiri qüvvədə saxlanılsın.
Məhkəmənin növbəti iclası 3 iyul tarixinə təyin edilib.
Qeyd edək ki, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Anass Derraza AR Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə) və 32.5, 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
Xatırladaq ki, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən istintaqı aparılan cinayət işi üzrə Fransa Prezidentinin Mühafizə Xidmətinin sabiq rəhbəri Aleksandr Benalla və Fransanın milyardlarla dövriyyəsi olan “SAUR” şirkətinin vitse-prezidenti Anass Derraz 2018-ci ildə Azərbaycan əsilli rusiyalı milyarder Fərhad Əhmədovun aktivlərinə qarşı beynəlxalq sanksiyaların ləğvi müqabilində külli miqdarda rüşvət alma və digər cinayət əməllərində ittiham olunurlar.
Həmin iş üzrə əvvəllər xarici və yerli mətbuatda dərc edilmiş məqalələrdə qeyd edilir ki, Fransa rəsmiləri Fərhad Əhmədovdan rüşvət tələb ediblər və bunun müqabilində sonuncunun dəbdəbəli “Luna” yaxtasının beynəlxalq həbsdən azad ediləcəyini, özünün sanksiyalardan qorunacağını vəd ediblər.
Məlumatlara əsasən, F.Əhmədov milyonlarla dollarlıq rüşvətin bir hissəsini Anass Derrazın “AL HILAL BANK”-dakı hesabına və Aleksandr Benallanın “BANK OF AFRICA UNITED KINGDOM PLC SC PAR”-dakı hesabına köçürüb.
A.Derraz Azərbaycanda məsuliyyətə cəlb olunaraq ölkədən çıxışına qadağa qoyulub, A.Benallanın isə beynəlxalq axtarışa verilməsi ilə bağlı İNTERPOL-a müraciət olunub.
İnterpol Baş Katibliyi uzun prosedurdan sonra ümumi qərarla Fransa vətəndaşı Aleksandr Benallanın axtarışını əsaslı hesab edərək 2025-ci ilin aprel ayında “Red Notice” (“Qırmızı bülleten”) ilə beynəlxalq axtarışa daxil edib və bu barədə bütün üzv dövlətlərə bildirişlər göndərib. Qərarın əsası Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidmətində istintaqı aparılan cinayət işi üzrə 2024-cü ildə verilmiş hüquqi sorğu olub. İnterpolun Fransa prezidentinin Mühafizə Xidmətinin sabiq rəhbəri A.Benallanı ən ciddi hüquqi əsas olan “Red Notice” (“Qırmızı bülleten”) əsasında beynəlxalq axtarışa verməsi DTX-nin əlində təkzibedilməz və mötəbər sübutların mövcudluğundan xəbər verir. “Qırmızı bülleten” şəxsin olduğu ölkədə tutulmasını və barəsində axtarış elan etmiş ölkəyə ekstradisiyasını nəzərdə tutur. A.Benallanın hazırda olduğu üçüncü ölkədə ekstradisiya proseslərinə cəlb edildiyi məlumdur.
Humay Eminqızı