Dələduzluq piramidasının admini olmaqda təqsirləndirilən şəxs məhkəmədə ifadə verdi


  • 14:08

Qanunsuz əməllərin qeydə alındığı "Farmaniya.com" dələduzluq piramidasının idarəetmə panelinin admini olaraq təqsirlənidirilən Hüseyn Quliyevin cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova - Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib.

Hüseyn Quliyev ifadəsində sadəcə piramidanı reklam etdiyini bildirib: "Ötən il internetdə "Farmaniya.com" saytını gördüm. Sayt mənə maraqlı gəldiyi üçün onun texniki dəstək komandası ilə əlaqə saxlayıb lisenziyası ilə tanış oldum. Qanuni olduğuna inandığın üçün 100-2000 arası məbləğlərdə dəfələrlə ora pul yatırdım. Sonra onlar mənimlə əlaqə saxlayıb saytı reklam etməyi təklif etdilər. Blogger olduğuma görə bu təklifi qəbul etdim və ödəniş qarşılığında saytı reklam etdim. Mənə Badamxanım adına olan kartı təklif etdilər, istəmədim. Öz adıma kart da təklif etdilər, bunu da qəbul etmədim. O kartın reklamını da aparmamışam. Dələduzluğa məruz qalan insanları saytda o kartı görüblər. Heç mən onları da tanımıram. Onlar mənim reklamlarımı görüblər, lakin mənimlə əlaqə saxlamayıblar. Mən özüm də bu işdə zərərçəkmişəm. Mənə 5 min manatdan çox ziyan dəyib".

Məhkəmənin növbəti iclası 21 iyul tarixinə təyin edilib.

Qeyd edək ki, ötən ilin sentyabr ayında ölkənin virtual məkanında, xüsusən sosial şəbəkələrdə onlayn piramida dələduzluq sxemi əsasında yatırım saytı adı altında fəaliyyət göstərən Farmaniya.com platformasında vətəndaşların pul vəsaitlərinin ələ keçirildiyi barədə DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə çoxsaylı şikayətlər daxil olub.

Keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində həmin qanunsuz əməllərin qeydə alındığı tətbiqin idarəetmə panelinin admini, 2006-cı il təvəllüdlü Hüseyn Quliyev müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla məlum olub ki, o, sosial şəbəkələrdə özünü bloqer kimi təqdim edərək Farmaniya.com saytının rəsmi investisiya layihəsi kimi reklamını aparıb və müxtəlif şirnikləndirici vədlərlə istifadəçilərin etibarını qazanıb. H.Quliyev zərərçəkənlərə yatırdıqları sərmayənin müqabilində yüksək məbləğdə qazanc əldə edəcəklərini bildirib və həqiqətə uyğun olmayan təkliflərlə dələduzluq piramidası yaradıb.

Bu yolla sayta müraciət edən 18 mindən çox şəxsin qeydiyyatdan keçməsinə və nəticədə 400 min manata yaxın vəsaitin dələduzluq yolu ilə mənimsənilməsinə nail olub.

H.Quliyev vətəndaşların pullarını ələ keçirmək üçün tanışı, 2004-cü il təvəllüdlü Badamxanım Əhmədovanın adına açılmış elektron pul kisəsindən istifadə edib. Bu fəaliyyətinin müqabilində həmin şəxs də dələduzluq yolu ilə əldə olunan vəsaitlərdən maddi gəlir qazanıb. Tədbirlərin davamı olaraq B.Əhmədova da Baş İdarə əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb edilib", - deyə məlumatda qeyd olunub.

Aparılmış araşdırmalarla saxlanılan şəxslərin həyata keçirdikləri dələduzluq əməlləri zamanı istifadə etdikləri bank kartlarına 700 min manatdan artıq vəsaitin mədaxil olunduğu aşkarlanıb.

Faktlarla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələr ilə cinayət işi başlanılıb. H.Quliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Onunla bu hüquqazidd əməllərdə əlbir olan digər şəxslərin də müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirlər davam etdirilir.

Əlavə edək ki, Hüseyn Quliyev "Zevs" ləqəbi ilə tanınan məşhur videobloqer Ruslan Quliyevin qardaşıdır.

Humay Eminqızı

Oxşar xəbərlər