- 18:50
İnvestisiya fəaliyyəti ilə məşğul olan platformada valyuta alqı-satqısı həyata keçirməklə gəlir əldə etmək istəyən üç nəfərin külli miqdarda pulunu ələ keçirməkdə təqsirləndirilən Nizami Alışanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
E-huquq.az verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə Nizami Alışanın verdiyi yazılı ifadə məhkəmədə səsləndirilib.
İfadə səsləndirildikdən sonra sənədlərin tədqiqi mərhələsinə başlanıb. İş üzrə bütün sənədlər elan edildikdən sonra vəsatətlərə baxılıb.
Təqsirləndirilən şəxsin vəkili Nizami Alışanın həyat yoldaşının - Elariz Məmmədoğlunun qızının məhkəmədə ifadə verməsi ilə bağlı vəsatət verib. Məhkəmə vəsatəti təmin edib.
Növbəti məhkəmə iclasında zərərçəkmiş Babək Məmmədzadə yenidən dindiriləcək.
Məhkəmənin növbəti iclası 30 iyun tarixinə təyin edilib.
Qeyd edək ki, iş üzrə zərərçəkən qismində 3 nəfər - Zeynal Mütəllim oğlu Usubov, Babək Məhəmməd oğlu Məmmədzadə və Yadigar Şibi oğlu İsrafilov tanınıb.
Təqsirləndirilən Nizami Alışan asan pul qazanmaq istəyən şəxslərə özünü səhm və valyuta alqı-satqısı ilə məşğul olan mütəxəssis kimi təqdim edib. Bununla da o, Babək Məmmədzadənin 1 milyon 300 min, Zeynal Usubovun 945 min, Yadigar İsrafilovun isə 200 min dollar pulunu ələ keçirib.
Zərərçəkmişlərə dəyən ümumi ziyan 2 milyon 445 min dollar (4 milyon 156 min 500 AZN) təşkil edir.
Ona Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq - xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə də ittiham irəli sürülüb.
Nizami Alışan ABŞ-də yaşayan tanınmış müğənni Elariz Məmmədoğlunun kürəkəni, AzTV-nin keçmiş sədri Arif Alışanovun isə qardaşı oğludur.
Humay Eminqızı