- 18:42
Respublika Narkoloji Mərkəzinin sabiq baş direktoru Elşən Mustafayev və həmin qurumun direktor müavini işləmiş Zamin Əliyevin cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə şahidlər dindirilib.
Şahmar Məmmədov mərkəzdə sanitar işlədiyini bildirib: "Hər iki təqsirləndirilən şəxsi tanıyıram. Onları yaxşı insan kimi tanımışam və rüşvət aldıqlarını görməmişəm. Mənim vasitəmlə həkimə pul ötürülməyib. Pulun verilməsi, xəstələrin yerləşdirilməsi, xəstə yaxınları ilə təqsirləndirilən şəxslər arasında əlavə tanışlıq və ya danışığın şahidi olmamışam. Biz xəstələrin hamısına eyni yanaşmışıq. Heçbir xəstəni ayırmamışıq".
Qeyd edək ki şahidin daha öncə verdiyi yazılı ifadəsi ilə məhkəmədə verdiyi ifadədə müəyyən ziddiyətlər aşkar edilib.
Daha sonra şahid Aytən Məmmədova ifadə verərək yalnız Zamin Əliyevi tanıdığını bildirib. O qeyd edib ki, rəfiqəsinin yoldaşı xəstə olarkən ona yaxşı baxılması üçün könüllü şəkildə 300 manat verib. Heçkim ondan pul tələb etməyib.
Digər şahid də yalnız Zamin Əliyevi tanıdığını deyib. O bildirib ki, bacısı və oğlu mərkəzdə spirtli içkiyə görə müalicə alırmış: "Zaminə könüllü olaraq 50 manat pul vermişəm. Heç kim məndən pul istəməyib. 50 manatı ona görə verdim ki, müalicə alanların ehtiyacları qarşılansın, siqaret və s. alınsın".
Məhkəmə digər şahidlərin də dindirilməsi üçün təxirə salınıb.
Məhkəmənin növbəti iclası 29 iyul tarixinə təyin edilib.
Qeyd edək ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” Publik Hüquqi Şəxsinin baş direktoru işləmiş Mustafayev Elşən Hümbət oğlu və həmin qurumun direktor müavini işləmiş Əliyev Zamin Sabir oğlunun qanunsuz əməlləri barədə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.
İbtidai istintaqla Elşən Mustafayevin vəzifəyə təyin olunduğu 2023-cü ilin aprel ayından etibarən müavini Zamin Əliyev ilə əlbir olub həmin Mərkəzdə işləyən həkimlərin gələcəkdə fəaliyyətinə maneələrin yaradılmaması, pasiyentlərin stasionar müalicə müddətlərinin uzadılması, onların daha keyfiyyətli müalicə almaları üçün xəstə sayı daha az olan şöbələrə və ya tək nəfərlik palatalara qəbul edilməsi, narkomaniya xəstəliyindən əziyyət çəkən şəxslərin xüsusi terapiya proqramına qəbul olunması və digər məqsədlərlə ayrı-ayrı vətəndaşlardan müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində almalarına əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Elşən Mustafayev və Zamin Əliyevə Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 311.3.1 və 311.3.2-ci (rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və təkrar törədildikdə) maddələri ilə yekun ittiham elan edilərək barələrində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Humay Eminqızı