Yeni Suraxanı bələdiyyəsinin sabiq sədrinə hökm oxundu


  • 11:24

Yeni Suraxanı bələdiyyəsinin sabiq sədri Fikrət Quliyevin cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

E-huquq.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs son söz deyib.

F.Quliyev son sözündə ittihamları qəbul etmədiyini deyib və məhkəmədən ona bəraət verilməsini xahiş edib.

Daha sonra məhkəmədə hökm oxunub. Hökmə əsasən, Fikrət Quliyev 2 il 6 ay müddətinə müəyyən vəzifə tutmaq hüququndan məhrum edilməklə 9 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Xatırladaq ki, dövlət ittihamçısı Fikrət Quliyevin 3 il müddətinə müəyyən vəzifə tutmaq hüququndan məhrum edilməklə 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, Bakı şəhəri Suraxanı rayonu Yeni Suraxanı bələdiyyəsinin sədri Quliyev Fikrət Əzizağa oğlunun qanunsuz əməlləri ilə bağlı araşdırma Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılıb.

İstintaqla Fikrət Quliyevin həmin vəzifədə işləyərkən xidməti vəzifələrinin icrası ilə əlaqədar vətəndaşlara torpaq sahələrinin ayrılması, tikinti işlərinin aparılması və digər məqsədlərlə çoxsaylı şəxsdən külli miqdarda pul vəsaitini rüşvət qismində almasına və digər qanunazidd əməllər törətməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Fikrət Quliyevə Cinayət Məcəlləsinin 311.3.2, 311.3.3 (rüşvət alma təkrar və külli miqdarda törədildikdə), 312-1 (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə yekun ittiham elan edilməklə barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Humay Eminqızı

Oxşar xəbərlər