- 28 İyun 13:18
Yekaterinburqun Leninski Rayon Məhkəməsi Şahid Lalayev barəsində 3 günlük həbs qətimkan tədbiri seçib.
E-huquq.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
***
14.48
Yekaterinburqda saxlanılan Ayaz Səfərov barəsində Leninski Rayon Məhkəməsinin qərarı ilə 22 gün müddətinə həbs-qətimkan tədbiri seçilib.
E-huquq.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
***
13.16
Yekaterinburqun Leninski Rayon Məhkəməsi Akif Səfərov barəsində həbs-qətiimkan tədbiri seçib.
E-huquq.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Bildirilib ki, o, 22 günlüyünə istintaq təcridxanasına göndərilib.
***
13.00
Yekaterinburqda zor tətbiq edilərək saxlanılan Məzahir Səfərov barəsində Leninski Rayon Məhkəməsinin qərarı ilə 22 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
E-huquq.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Hazırda isə məhkəmə zalına iş üzrə təqsirləndirilən başqa bir şəxs — 1963-cü il təvəllüdlü Akif Səfərov gətirilib. O da 2000-ci illərin əvvəllərində Yekaterinburqda baş vermiş hadisələrlə əlaqədar şübhəli sayılır.
İstintaq onun barəsində həbs qətimkan tədbirinin tətbiqi üçün məhkəməyə vəsatət verib. Məhkəmə iclası qapalı rejimdə keçirilir.
***
12.23
2000-ci illərin əvvəllərində törədilmiş cinayətdə şübhəli bilinərək iyunun 27-də Yekaterinburqda güc tətbiq edilməklə saxlanılan doqquz azərbaycanlının məhkəmə prosesi başlayıb.
E-huquq.az xəbər verir ki, məhkəmə onların barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxır.
İyunun 27-də səhər saatlarında azərbaycanlıların yaşadığı on nəfərdən çox mənzildə keçirilmiş əməliyyat zamanı çoxsaylı şəxslər, o cümlədən Ağdam sakinləri olan Səfərovlar ailəsinin üzvləri saxlanılıb. Əməliyyat nəticəsində iki qardaş – Ziyəddin və Hüseyn Səfərovlar öldürülüb, bir neçə nəfər xəstəxanaya yerləşdirilib.
İttiham tərəfi iclasın qapalı rejimdə keçirilməsini xahiş edib. Məhkəmə vəsatəti təmin edib, bundan sonra jurnalistlər zaldan çıxarılıb.
Saxlanılanların hər biri barəsində qətimkan tədbirinin seçilməsi məsələsi ayrıca baxılır. Məzahir Səfərovun işi üzrə ittiham tərəfi həbs qətimkan tədbirinin seçilməsini tələb edib, vəkil isə ev dustaqlığında israr edib. Səfərov öz vəkilinə bildirib ki, etiraf güc tətbiq edilməklə və təzyiq altında, o cümlədən ailəsinə qarşı hədələr daxil olmaqla alınıb.
***
11.58
Yekaterinburqun Leninski Rayon Məhkəməsinə gətirilən azərbaycanlıların adları məlum olub.
E-huquq.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Məlumata görə, onlar Akif Möhbalı oğlu, Ayaz Möhbalı oğlu, Məzahir Möhbalı oğlu və Bakir Səfərovdur.
Vüqar və Məhəmməd Səfərovlar kütləvi həbslərdən dərhal sonra sərbəst buraxılıb. Kamal Səfərov isə hazırda reanimasiyadadır.
***
Rusiyanın Yekaterinburq şəhərində saxlanılan azərbaycanlılar məhkəməyə gətirilib.
E-huquq.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
"İyunun 29-da bir qrup azərbaycanlı Yekaterinburqun Leninski Rayon Məhkəməsinə gətirilib. Onlar bir neçə qətldə və adam öldürməyə cəhddə ittiham olunurlar.
İstintaq materiallarına görə, cinayətlər 2001, 2010 və 2011-ci illərdə törədilib. İttiham olunan şəxslərin ömürlük həbs cəzası alma ehtimalı var", - məlumatda deyilir.
Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidməti azərbaycanlıların evinə basqın edib. Zorakılıq zamanı azı 5 azərbaycanlı öldürülüb.
Basqında tanınmış jurnalist və ədəbiyyatşünas Seyfəddin Hüseynlinin qardaşları Ziyəddin və Hüseyn Səfərov da döyülərək qətlə yetirilib.
Hadisə zamanı bəzi soydaşlarımız ağır bədən xəsarətləri alıb, habelə 9 nəfər saxlanılıb.