- 15:47
Dələduzluqda ittiham olunan “Moon Kids” uşaq bağçasının direktoru Havvaxanım Rüstəmovanın cinayət işi üzrə məhkəmənin növbəti prosesi baş tutub.
E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə zərərçəkənlər ifadə verib.
Zərərçəkən Vüqar İsmayılov ifadəsində bildirib ki, ona dəyən zərər artıq ödənilib: "Mən qızımı işə düzəltmək məqsədilə internetdə gördüyüm elandakı bağçaya müraciət etdim. Elanda yazılmışdı ki, uşaq bağçasına musiqi müəllimi axtarırlır. Havvaxanımın qəbuluna gedəndə qızım çöldə gözlədi. Mən onunla danışdım. O dedi ki, qızımı işə düzəlmək üçün 3-4 min pul verməliyəm. Biz razılaşdıq. Qızım işə düzəldi və növbəti 2 ay 300 manat maaş aldı. Sonra maaş verilmədi. Prokurorluğa müraciət etdik. Havvaxanımın atası 3 min manatını qaytardı, qalan 1000 manatını da onlara bağışladım".
Zərərçəkən Tarverdi Həsənovun ifadəsində bildirib ki, onun gəlini bağçada iş ilə bağlı elanla qarşılaşıb: "Gəlinim bağçada işlə bağlı elan görüb və müraciət edib edib Havvaxanımın qəbuluna getdik. Dedilər ki, 5 min manat pul lazımdır. Gəlinimə zəng edib təcili gətirməli olduğumuzu dedilər. Mən onlara 5 min verə bilməyəcəyimi, 4 min manat verəcəyimi bildirdim. Dedim ki, qalanını maaşda çıxarsız. Amma ona iki ay işləməsinə baxmayaq maaş verilmədi. Havvaxımın yanına gedib nə baş verdiyini soruşdum. Narahat olacaq səbəb olmadığını bildirdi. Sonra köməkçisindən öyrəndim ki, Havvaxanımı tutublar. Onun atasının nömrəsini tapıb danışdım. Xahiş etdim ki, banka olan borcumuzu ödəyəcək qədər pul qaytarsınlar. Mənə 2 min manat verib sənədə qol çəkdirdilər. İstintaq zamanı çağırılanda dedim ki, mən razı deyiləm, pulumu qaytarsınlar. Atası 1100 da manat verib xahiş etdi ki, məsələni bağlayaq".
Havvaxanım Rüstəmova zərərçəkəni tanıdığın bildirib. O, zərərçəkənin gəlinindən təcrübə üçün 4 min manat pul alıb. Gəlinin əmək müqaviləsi də olub. Təqsirləndirilən dəymiş ziyanın qalanının da ödəniləcəyinə söz verib.
Məhkəmənin növbəti iclası 4 avqust tarixinə təyin edilib.
Baş Prokurorluğun yaydığı məlumata görə, “Moon Kids” Məhdud Məsuliyyətli Cəmiyyətində yol verilən qanunsuzluqlarla bağlı Nizami rayon prokurorluğunda istintaq edilən cinayət işi üzrə MMC-nin direktoru Rüstəmova Havvaxanım İmamət qızı Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 (qulluq mövqeyindən istifadə etməklə təkrarən və xeyli miqdarda dələduzluq) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Sonradan onunla bağlı həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunub. “Moon Kids” Uşaq Bağçasının fəaliyyəti dayandırılıb.
Qeyd edək ki, iş üzrə Dövlət Sosial Müdafiə Fondu da zərərçəkmiş şəxs kimi tanınıb.
Təqsirləndirilən şəxs zərərçəkmişlərə vurulan 428 min manat maddi ziyanın 385 min manatını ödəyib.
Humay Eminqızı