- 21:25
Bakıda 27 yaşlı oğlan nənəsi ilə birgə yaşağıdı evdən oğurluq edib.
E-huquq.az-ın əldə etdiyi məlumata görə, hadisə Sabunçu rayonu, Maştağa qəsəbəsində baş verib.
Belə ki, Murad adlı gənc Novruz bayramını qeyd etmək üçün pula ehtiyacı olduğuna görə nənəsinin 5 min manat dəyərində olan qızıl qolbağını oğurlayıb.
O, məhkəmədə ifadəsində bildirib ki, onu nənəsi böyüdüb, əziyyətni çəkib, bu gün də pensiyası ilə dolanır. Nənəsi ilə həyət evində yaşayırlar. Tanışları ilə birgə Novruz Bayramını restoranda daha dəbdəbəli keçirmək barədə qərara gəliblər. Lakin Muradın pulu olmayıb. Ona görə də nənəsinin qızıllarından birini götürüb satmaq qərarına gəlib. Nənəsi evdə olmayan zaman yataq otağındakı paltar dolabının altından düyü torbasını götürüb. Daha sonra torbanın içindəki bankanı çıxarıb, bankanın içini açarkən görüb ki, bankada burun dəsmalına bükülmüş mirvari sep, qolbaq və 2000 manat nağd pul var. Nənəsinin 2 000 manatı uzun illərdir pensiyasından “kəfən pulu” olaraq topladığını eşitdiyinə görə həmin pula və sata bilməyəcəyi mirvari sepə toxunmayıb. Bankadan 1 ədəd qolbaq götürüb, pulu və mirvari sepi yerinə qoyub. O, nənəsinin evindən çıxdıqdan sonra bir başa atası və anasının yaşadıqları evə gedib. Həmin qolbağı görməsinlər deyə qolbağı burun dəsmalına büküb bankaya qoyub və həyətdə, şam ağacının dibində basdırıb. Həmin tarixdə eşidib ki, nənəsi qolbağının oğurlanmasını bilib DİN-in "102” Xidməti zəng mərkəzinə şikayət edib. Növbəti gün eşidib ki, polis əməkdaşları onu axtarırlar. Başa düşüb ki, oğurluğun onun tərəfindən törədilməsini polis əməkdaşları bilirlər, odur ki, oğurluq etdiyi gündən evə getməyib. Gecə saatlarında polis əməkdaşları onu kənddə saxlayaraq istintaq şöbəsinə təhvil veriblər. O polis əməkdaşlarına oğurladığı qolbağı atasının həyətində basdırdığı yeri göstərib və qolbağı torpağın altından çıxarıb könüllü olaraq istintaqa təqdim edib. Nənəsi ilə barışıb.
Sabunçu Rayon Məhkəməsində hakim Samirə Məmmədlinin sədrliyi ilə keçirilən prosesdə Murad Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinib və barəsində hər ay qazancından dövlət nəfinə 15 % məbləğində pul tutulmaqla 2 il müddətinə islah işləri cəzası təyin edilib.
Şəbnəm Mehdizadə