Bakıda iş yoldaşının qətlində təqsirləndirilən şəxsin məhkəməsində şahidlər ifadə verdi


  • 12:29

Bakıda iş yoldaşının qətlində təqsirləndirilən Şahlar Ağayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Aygün Qurbanovanın sədirliyi ilə keçirilən prosesdə şahidlər dindirilib.

Şahid Məhəmməd Ağayev təqsirləndirilən Şahlar Ağayevin iş yoldaşı olduğunu deyib: "Gördüm ki, rəhmətlik Şahların ünvanına söyüşlər söyür. Mən gələndə münaqişə artıq başlamışdı. Onları bir neçə dəfə ayırdım. Hər ikisində xəsarət izləri var idi. Biz onları ayırandan sonra Pünhan Şahların nömrəsini aldı və çıxdı. Şahlar gecə növbəsi, Pünhan isə səhər növbəsidir. Əyinlərini dəyişəndə dar yer idi deyə bir-birlərinə dəyiblər və bunun nəticəsində münaqişə başlayıb. Məlum hadisənin baş verdiyini işdən mənə zəng edib dedilər".

Şahid Coşqun Fərzalizadə isə deyib ki, Pünhan Fərzallı onun əmisi oğludur. O qeyd edib ki, Şahlar əmisi oğlunu sinəsindən bıçaqlayıb. Daha sonra onu xəstəxanaya aparıblar. Şahidin sözlərinə görə, o əmisi oğlunu bıçaqlanmış gördükdə Şahlar Ağayevi döyüb: "Hadisədən sonra ifadəni gecə 2-də vermişik. O vaxta kimi şöbədə qalmışıq. Verdiyimiz ifadəni oxumağa icazə vermədilər. Təzyiq göstərərək imzalamağa məcbur etdilər".

Şahid Cavid Fərzəlzadə isə ifadəsində, "Pünhana zəng gəldi və ona qarşı nalayiq ifadələr istifadə olundu. O əsəbləşib getdi. Biz də onun ardınca getdik", - deyə bildirib.

Qeyd edək ki, daha sonra şahidin vəziyyəti pisləşib və o ifadəsini tamamlaya bilməyib.

Digər şahid isə ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etməyib və təzyiqə məruz qaldığını bildirib: "Pünhanın uşağı gözündən əməliyyat olunmuşdu. Biz əməliyyat sonrası hamımız yığışmışdıq. Sonra Pünhana zəng gəldi, o əsəbləşdi və anidən çıxıb getdi. Biz taksi ilə onun dalınca getdik. Əraziyə çatanda artıq hadisə baş vermişdi. Şahlar hətta bizə də bıçaq çəkdi. Pünhanın üzərində, əlində bıçaq yox idi".

Məhkəmənin növbəti iclası 21 iyul tarixinə təyin edilib.

Qeyd edək ki, 1999-cu il təvəllüdlü Şahlar Ağayevin Yasamal rayonu, Tbilisi prospekti ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək 1992-ci il təvəllüdlü Pünhan Fərzallını qəsdən öldürməkdə təqsirləndirilir.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. Şahlar Ağayev şübhəli şəxs qismində tutulub.

Humay Eminqızı

Oxşar xəbərlər