- 18:06
Bakıda iki dostu - Şahin Bayramov və Fərid Əlirzayevin qətlə yetirilməsində təqsirləndirilən Yunis Rəhimov, Nurani Məmmədov, Ramin Quliyev, Tural Məmmədov və Sərxan Şahbazovla bağlı cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər dindirilib.
İfadə verən Nurani Məmmədov yalnız özünü müdafiə etdiyini bildirib: “İş üzrə özünü təqsirli bilmirəm, özümü qorumuşam. Ehtiyyatsız davranmışam, amma birinci mənim qanım tökülüb. Qolumu bıçaqlayıblar”.
Daha sonra Tural Məmmədov ifadəsində hadisənin gedişatını belə izah edib: “Ramin qardaşım Nuraniyə zəng edərək onu məclisə dəvət etdi. Nurani tək olmadığını deyəndə Ramin “hamını götür gəl” dedi. Hamımız birlikdə avtomobillə “Astoria”ya getdik. 120 nömrəli kabinetin qarşısında Ramin bizi qarşıladı və birlikdə içəri keçdik. Lakin məclis bizim gözlədiyimiz kimi deyildi – içki məclisi idi. Mən orada qalmaq istəmədiyimi dedim. Bu zaman çöldən söyüş səsləri eşitdik – Şahin nalayiq ifadələr işlədir, söyürdü. Nurani çölə çıxmaq istədi, mən də onu saxladım. Lakin Nurani yaxınlaşıb nə baş verdiyini soruşdu. Orada qarşı tərəfdən yenə təhqiramiz sözlər deyildi. Biz izah etdik ki, yalnız qonaq kimi gəlmişik”.
Tural Məmmədov əlavə edib ki, həmin məclisi tərk etdikdən sonra dostları ilə birlikdə Çapayev istiqamətində bir çayxanada oturublar: “Orada olarkən Ramin Nuraniyə zəng vurub və barışmaq, üzr istəmək istədiyini bildirib. Mən qısa müddətlik oradan ayrıldım. Qayıdanda gördüm ki, Ramin artıq gəlib. O, Nuraniyə ad günü münasibətilə hədiyyə vermək istəyirdi – hədiyyə bıçaq idi. Lakin insident zamanı həmin bıçaqdan istifadə olunmayıb. Mən öz cib bıçağımdan istifadə etmişəm və Şahini mən vurmuşam. Qarşı tərəfdə çox adam var idi və onların əksəriyyətində bıçaq vardı. Biz tərəfdən isə, öz adıma deyə bilərəm ki, yalnız məndə cib bıçağı olub. Elə bir anda eşitdim ki, kimsə deyir Nuraniyə xəsarət yetirilib. Hər şey qarışmışdı. Ramində silah olduğunu görmədim. Sonradan deyildi ki, guya tapanca olub, amma bu, təsdiqini tapmadı”.
Fərid Əlirzayevin hüquqi varisi təqsirləndirilən şəxslərə müraciət edərək oğlunu kimin öldürdüyünü və nəyə görə heç kimin etiraf etmədiyini soruşub.
Qeyd edək ki, hadisə 2022-ci ilin fevralında Nərimanov rayonu ərazisində qeydə alınıb. Şahin Bayramov və Fərid Əlirzayevin aldıqları bıçaq xəsarətlərindən ölmələri barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırmalarla Nərimanov rayonu, Təbriz küçəsində Şahin Bayramov və Fərid Əlirzayev, qarşı tərəfdən isə Nurani Məmmədov və digər şəxslər arasında kəsici-deşici alətlərdən istifadə edilməklə yaranmış münaqişə zəminində qərəzli xuliqanlıq hərəkətləri nəticəsində aldıqları xəsarətlərdən Şahin Bayramov və Fərid Əlirzayevin ölmələri müəyyən edilib.
İstinaq araşdırıması zamanı bu hadisənin törədilməsində günahkar bilinən Sərxan Şahbazov, Nurani Məmmədov, Ramin Quliyev, Tural Məmmədov və Yunis Rəhimov məsuliyyətə cəlb olunublar. Onlara qarşı Cinayət Məcəlləsinin 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə) və 221.3-cü (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddələri ilə cinayət işi başlanılıb.
Humay Eminqızı