Qusarda 35 yaşlı kişinin zibillikdən tapdığı çanta başına bəla oldu


  • 17:07

Qusarda bank kartından oğurluq etməkdə təqsirləndirilən Xəyyam Kərimovun (soyad şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

E-huquq.az-ın məlumatına görə, Qusar Rayon Məhkəməsində Əli Cəlilovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, X.Kərimov 1 il müddətə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.

İttihama görə, 1990-cı il təvəllüdlü X.Kərimov Qusar rayonu ərazisindən keçən Qusarçay çayının sağ sahilində yerləşən məişət tullantılarının atıldığı ərazidən Qusar şəhər sakini N.Babayevə məxsus məxsus pensiya kartını tapıb və həmin kartdan 460 manat pulu çıxardıb gizli yolla talamaqla oğurlayıb. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə ittiham irəli sürülüb.

Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən X.Kərimov deyib ki, Qusar rayon İcra Hakimiyyətinin Qusar şəhər “MİS”-də fəhlə kimi işləyib. Onun iş fəaliyyəti hər gün səhər tezdən saat 04 radələrində məişət tullantılarını Qusar şəhəri ərazisindən avtomobilə yığıb, Qusarçay çayının sağ sahilində yerləşən zibilxanaya aparıb boşaltmaqdan ibarət olub. Həmin məişət tulantıları atılan ərazidə şüşə, kardon, alüminium, iş və digər tullantıları da boş vaxtlarında toplayıb satmaqla ailəsini dolandırıb. Bir gün yenə zibilləri toplayan zaman sarı rəngli qadın çantası tapıb, çantanın içərisinə baxdıqda orada bir ədəd üzərində kod yazılmış plastik kartı görüb və həmin kartı götürüb çantanı tullayıb. Həmin kartda pul ola biləcəyini güman edib və kartı cibinə qoyub. Bundan sonra orada işlərini yekunlaşdırıb Qusar şəhərinə geri qayıdıb. Həmin kartı bankavtomata daxil edib və üzərində yazılan kodu yazaraq kartda 460 manat pul olduğunu görüb. Həmin pulu kartdan çıxarıb, bundan sonra kartı bankavtomatın yaxınlığında zibil qabına tullayıb evə gedib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər