- 18:44
Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Tural Əliyevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Təqsirləndiirlən şəxsin vəkili Səyyad Mirzəyevin e-huquq.az-a verdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Aytən Əliyevanın sədrliyi ilə keçirilən sonuncu prosesdə hökm oxunub.
Hökmə əsasən, T.Əliyevin təqsiri sübuta yetirilmədiyindən ona bəraət verilib. Təqsirləndirilən şəxs məhkəmə zalından azadlığa buraxılıb.
Vəkil S.Mirzəyevin sözlərinə görə, bu iş üzrə hökmün çıxarılması zamanı Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Aytən Əliyeva tərəfindən obyektiv və ədalətli mövqe nümayiş etdirilib: "Hakimin apardığı hərtərəfli və qərəzsiz məhkəmə istintaqı nəticəsində Tural Əliyevin təqsirinin sübuta yetirilmədiyi müəyyən edilib və qanuna əsasən ona bəraət verilib. Aytən Əliyevanın bu işə yanaşması, sübutlara əsaslanan hüquqi qiymətləndirmə aparması və obyektiv qərar verməsi məhkəmələrin ədalətli qərar qəbul etmə qabiliyyətinə olan ictimai inamı daha da möhkəmləndirir. Bu cür qərarlar bir tərəfdən hüququn aliliyini təsdiqləyir, digər tərəfdən isə günahsız insanların əsassız ittihamlarla cəzalandırılmasının qarşısını alır".
Vəkil onu da bildirib ki, müdafiə etdiyi şəxs 22 dekabr 2023-cü ildə paytaxtın Suraxanı rayonu ərazisində saxlanılıbmış. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham irəli sürülüb. T.Əliyev barəsində Suraxanı Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Şəbnəm Mehdizadə