- 17:31
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sabiq rəisi Raqif Abbasov və idarənin maliyyə-iqtisadiyyat sektorunun müdiri olmuş Eldəniz Qulamovun barəsində olan cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi keçirilən prosesdə şahidlər ifadə verib.
Şahid Sirac Axunxov bildirib ki, o, Gənclər və İdman Naziriyində, əsasən, döyüş-güləş idman növləri üzrə tədbirlərin təşkil edilməsində məsul şəxs olub. Bildirib ki, işlədiyi dövrlərdə sambo, güləş, taekvando, karate kimi idman növləri üzrə yarışların təşkil edilməsində kurator vəzifəsində çalışıb: "Yarışlar plan təqvimi ilə təşkil olunurdu. Bunlar üçün də təbii ki, müəyyən məbləğ ayrılırdı. Yarışlar bəzən axşam saat 10-11-dək davam edirdi. Bu səbəbdən büdcədən əlavə xərclər götürürdük ki, əlavə nəqliyyat xərcləri ödəyə bilək. Tədbirlər üçün nəzərdə tutulmuş xərclər mənim kurator olduğum yarışlar üçün şəxsi kart hesabıma köçürülürdü və mən də onu bankdan çıxarırdım. Xərclər planında kənarda yarışlar keçirilirdi və qaliblər mükafatlandırılırdı. Həmin yarışlar üçün vəsaiti Eldəniz Qulamov təşkil edirdi. Yarışlar əsasən həftəsonları keçirilirdi. Səhərdən başlayıb axşamadək davam edirdi".
Hakim Eldəniz Qulamovdan pulun bu qaydada çıxarılmasının səbəbini soruşub.
Təqsirləndirilən şəxs bildirib ki, idmançıya pulu kartdan vermək uzun və çətin prosedur olduğu üçün bu belə edib: "Yarışlarda birdən idmançılar üçün müəyyən xərc lazım olurdu. Əlbəttə, burada nağdlaşdırılması çətin və razılaşdırma ilə getməsi həm işi ləngidirdi, həm əlavə xərc yaranırdı. Buna görə çıxarıb rahat saxlayıb oradan verib qeydiyyat aparırdıq".
Dövlət İttihamçısı belə pul köçürülməsi və çıxarılmasının düzgün olmadığını bildirib.
Dövlət ittihamçısının suallarını cavablandıran şahid deyib ki, o, 500 manat maaş alıb və bəzi tədbir planından artıq olan xərcləri öz hesabına qarşılayıb. Ayın sonunda isə o pulu müdirindən götürüb.
Məhkəmənin növbəti iclası 23 iyul tarixinə təyin edilib.
Qeyd edək ki, adı çəkilən şəxslər 1 milyon manata yaxın dövlət vəsaitini mənimsəmədə ittiham olunurlar.
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində onlara qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb.
Onların barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.
İş üzrə zərərçəkmiş qismində Azərbaycan Respublikasının Gənclər və İdman Naziriyi tanınıb.
İbtidai istintaqda dəymiş ziyandan 100 min manatının ödənilməsi təmin edilib.
Humay Eminqızı